TƏLƏBƏ VƏ MÜƏLLİMLƏRƏ HƏDİYYƏ

Gəncə Dövlət Universitetinin ikimərtəbəli IV tədris binasında iki fakültə-birinci mərtəbədə İqtisadiyyat və İdarəetmə, ikinci mərtəbəsində isə Filologiya fakültəsi yerləşmişdir. Tədris binaları içərisində bu tədris binası öz yararsızlığı ilə seçilirdi.

Rektor professor Yusif Yusibov tətil başlayandan əsas diqqəti bu binaya yönəltmişdir. İndi binada əsaslı təmir işləri aparılır. Əslində binada təkcə divarlar  qalmışdır. Az bir vaxtda pəncərələr dəyişdirilmiş, istilik qovşaqları müasir avadanlıqlarla əvəz edilmişdir.

Yeni görkəm alacaq bu tədris binası yeni tədris ilinə qədər tam təmir olunub tələbələrin və müəllimlərin istifadəsinə verilməlidir. Vaxta isə az qalıb. Bütün bunlar nəzərə alınmışdır. Binada işlər o dərəcədə planlı surətdə və sürətlə aparılır ki, əsaslı təmirin vaxtında yekunlaşacağına şübhə yeri qalmır. Daxili və xarici cəhətdən müasir tələblərə cavab verəcək tədris binasının əsaslı təmiri tələbə və müəllimlərə əsl hədiyyə olacaqdır.