Tələbə Mediası layihəsinin ilk günü
11.10.2021-ci il tarixdə Gəncə Dövlət Universitetində İqtisadi və Sosial İnkişaf Mərkəzinin (Centre for Economic and Social Development), Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun (İDEM) təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin (Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində) maliyyə dəstəyi ilə “Tələbə Mediası” adlı layihəyə start verilmişdir.
Layihədə tələbələri düşündürən mövzuların mediada daha yaxşı əks olunması, məqalə yazmaq, fotoreportaj hazırlamaq, video çəkmək, infografik hazırlamaq və s. kimi məsələləri özündə əks etdirən təlimlər təşkil olunacaqdır. Təlimlər Almaniya və Azərbaycandan olan peşəkar təlimçilər tərəfindən həyata keçiriləcəkdir. Təlimlər universitetdə 3 gün müddətində davam edəcəkdir. Daha sonra 15-17 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetində, 19-21 oktyabr tarixlərində isə Lənkəran Dövlət Universitetində təşkil olunacaqdır. 01-04 noyabr 2021-ci il tarixlərində isə 4 günlük onlayn səfərdə Almaniya ali məktəblərində tələbə həyatının təşkili, tələbə qurumları, onların mediası ilə yaxından tanışlıq olacaqdır. 22-26 noyabr 2021-ci il tarixlərdə isə Bakı şəhərində hər üç universitetdən olan tələbələrlə birlikdə 5 günlük tədbir təşkil ediləcəkdir. Tədbirdə Sosial media menecmenti, redaksiya menecmentinin əsasları və s. kimi məsələlərlə tanışlıq olacaq, birlikdə onlayn tələbə mediası yaradılacaqdır. Qeyd edək ki, təlimlərdə iştirak ödənişsizdir, bütün səfər və qonaqlama xərci layihə büdcəsindən ödəniləcəkdir.
Təlimin ilk günü proqrama uyğun olaraq təşkil olunmuş və qoyulan hədəfə nail olunmuşdur. Təlim bitdikdən sonra İnnovasiyalar departamentinin əməkdaşlarının müşaiyəti ilə qonaqlar 1 il öncə Gəncə şəhərinə edilmiş raket hücumları zamanı viran qalmış ərazilərə baxış keçirmiş və şəhidləri ziyarət etmişdir. Qonaqlara 44 günlük Vətən Müharibəsi haqqında və bu müddət ərzində Gəncə şəhərinə edilmiş balistik raket hücumları haqqında məlumat verilmişdir. Sonra qonaqlar universitetin yeni istifadəyə verilmiş Tələbə Yataqxana Kompleksinə baxış keçirmişdir. Qonaqlara yataqxanada yaradılmış şərait haqqında ətraflı məlumat verilmişdir.