Gəncənin vurulması müharibə cinayətidir

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından bir il ötür.
2020-ci ilin oktyabr ayında ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.
Düşmən tərəfindən Gəncənin bombalaması nəticəsində mülki şəxslər şəhid olub, yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim yanaşı tarixi tikililərə də ziyan dəyib.
Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi.
Hadisədən sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev bəyanat yayıb. Bəyanatda bildirib ki, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlərdir.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Ortada olan sübutlara baxmayaraq, Ermənistan tərəfi hücumların onun tərəfindən edilməsini inkar etmişdir. Qondarma Dağlıq Qarabağ rəhbərliyi isə yalnız birinci hücumun məsuliyyətini öz üzərinə götürmüşdür.
Raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanmışdır.