Tələbələr “Ailə qanunvericiliyinin və genderəsaslı zorakılıqla bağlı qanunvericiliyin təşviqi” mövzusunda maarifləndirilib
Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə qanunvericiliyinin təbliği və məişət zorakılığının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin icrasına başlayıb.
Layihənin əsas məqsədi yaradılmış Gəncə Yardım Mərkəzinin fəaliyyətini davam etdirmək, maarifləndirmə işini genişləndirməklə genderəsaslı zorakılıqla mübarizə aparmaq, insan haqlarının qorunmasına dəstək verməkdir. Layihənin əsas hədəfi gənclərdir.
Bu məqsədlə Gəncədə Gəncə Dövlət Universitetində gənc oğlan və qız tələbələrlə “Ailə qanunvericiliyinin və genderəsaslı zorakılıqla bağlı qanunvericiliyin təşviqi” adlı görüş keçirilib.
Görüşləri layihə rəhbəri açaraq layihə haqqında məlumat verib, layihənin aktuallığından danışıb, bu mövzuda gənclərin daha çox maariflənməyə ehtiyacları olduğunu bildirib.
Layihənin hüquqşünası Azərbaycan Respublikasında bu sahədə münbit hüquqi bazanın olduğunu bildirib, mövcud qanunvericilikdən danışıb, Cinayət Məcəlləsinə əaslanaraq gəncləri gələcəkdə baş verə biləcək fəsadlar zamanı bu maddələrə əsasən məsuliyyət daşıyacaqlarını xəbərdar edib.
Milli Məclisin deputatı, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə bu sahədə ölkəmizdə olan mövcud vəziyyətdən, qanunvericilik bazasından danışıb, münbit hüquqi qanunvericilikdən məhz gənclərin daha çox bəhrələnmələrinin vacib olmasını qeyd edib.
O bildirib ki, belə maarifləndirici görüşlər tələbə-gənclərin məlumatlarının artmasına və gələcək fəsadların qarşısının almalarına imkan verəcəkdir. Tələbələrə mövcud qanunvericilik açıq şəkildə izah edilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.