UNEC-də Avropa komissiyasının Erasmus+ proqramının KA2 (Ali təhsildə bacarıqların artırılması) fəaliyyət növü üzrə qalib olduğu “REFRESH” layihəsinin təqdimatı keçirilib
“Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” mövzusunda qalib olan layihənin təqdimatında Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, SDU, MDU, LDU və Azərbaycan Texnologiya Universitetinin rektorları, Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov və digər qonaqlar iştirak ediblər.
UNEC-in rektoru professor Ədalət Muradov qonaqları salamlayaraq, layihə barədə məlumat verib. Bildirib ki, ümumi dəyəri 703 min avro olan “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır. Layihə 3 il müddəti əhatə edir və konsorsiumu 6 yerli, 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtalyanın Bolonya Universiteti, İsveçin Royal Texnologiya Universiteti, Danimarka Texniki Universiteti) və qeyri-hökumət təşkilatı olmaqla, 15 tərəfdaşdan ibarətdir. Rektor layihənin Azərbaycanın dayanıqlı inkişafına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edib.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko yaşıl iqtisadiyyat və bərpa olunan enerji mənbələrinin dünyada prioritet istiqamətlərdən olduğunu diqqətə çatdıraraq, UNEC-in koordinatoru olduğu layihəni bu baxımdan yüksək qiymətləndirib. Həmçinin universitetlərin bu cür layihələrdə iştirakının əhəmiyyətli olduğunu, ölkə üçün yeni kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıb. Erasmus+ proqramının büdcəsinin 30 milyard avro olduğunu qeyd edən səfir, ölkə universitetlərini layihələrdə fəal iştirak etməyə çağırıb.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bərpa olunan enerji və yaşıl iqtisadiyyatın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində yer aldığını və yaşıl enerji istehsalının genişləndirilməsinin ölkəmiz üçün mühüm məsələlərdən olduğunu bildirib. Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov isə layihənin əhəmiyyətindən danışıb, eləcə də Erasmus+ proqramı çərçivəsində universitetlərlə əməkdaşlıq barədə məlumat verib. Erasmus+ layihəsinə region üzrə müraciət edən ölkələr arasında ən yüksək faizin Azərbaycan universitetləri olduğunu bildirərək, bunu sevindirici hal adlandırıb.
Layihədə tərəfdaş qismində Gəncə Dövlət Universitetinin nümayəndələri İKT şöbəsinin müdiri Asif Həsənov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov da iştirak edirdilər. İki gün davam edən “REFRESH” layihəsinin ilkin görüşünündə növbəti günü hybrid formatda xarici tərəfdaların təqdimatları ilə davam etdi. Görüşdə tərəfdaşlar əsasən layihənin icra mexanizmi, iş paketləri və tərəfdaşların üzrəni düşən tapşırıqlara əsasən müzakirələr apardılar.