UNİVERSİTET İDARƏ HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Gəncə Dövlət Universitetində (GDU) 2021/2022-ci tədris ilinə hazırlığın vəziyyəti ilə bağlı növbəti iclas keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan GDU-nun rektoru professor Yusif Yusibov sentyabrın 29-dan etibarən ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanılmasından məmnunluğunu ifadə edib, bu münasibətlə universitetin bütün tələbə və müəllim kollektivinə uğurlar arzulayıb.
İclasda Yusif Yusibov 2021/2022-ci il tədris ilinə hazırlıq, qarşıda duran vəzifələr, universitetdə struktur dəyişikliyi, kafedralarda tədris yüklərinin təhlili, təsdiqi və vaksinasiya ilə bağlı məsələlər ətrafında fikirlərini iclas iştirakçılarının diqqətinə çatdırmışdır. GDU-nun strateji hədəflərinə uyğun olaraq qarşıda dayanan vəzifələri diqqətə çatdıran rektor yeni tədris ilində tədris, elm, idarəetmə, beynəlxalq əməkdaşlıq, tələbələr və məzunlarla iş, sosial fəaliyyət və digər sahələrdə gözləntilərindən danışmışdır.
Rektor qeyd etmişdir ki, bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər. Həmçinin vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər. Əks halda vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Universitetdə hər bir əməkdaşın və tələbənin şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri işlər aparılır və aparılacaq. Bu qaydaların tələblərinə əməl edilməsinə nəzarət ücün operativ nəzarət üzrə məsul şəxslər də təşkil edilib.
Yeni dərs ilinə hazırlığın mövcud vəziyyətindən bəhs edən rektor tədrisin təşkilində səmərəliliyin daha da artırılması ilə bağlı universitetin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir. 2021/2022-ci tədris ilinin də mühüm yeniliklərlə yadda qalacağına əminliyini ifadə edən rektor GDU heyətinin bütün üzvlərini çoxşaxəli və modernləşən universitet həyatında daha fəal olmağa dəvət edib.
İclasın yekununda universitetin rektoru, professor Yusif Yusibov qarşıdakı tədris ilində bütün kollektivə uğurlar arzulamışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti