UNİVERSİTETDƏ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI ONLİNE KEÇİRİLMİŞDİR
Gəncə Dövlət Universitetində “Microsoft Teams” proqramı vasitəsilə Elmi Şuranın növbəti iclası online şəkildə təşkil edilmişdir.
İclası açan universitetin rektoru, professor Yusif Yusibov şura üzvlərini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həm siyasi, həm də hərbi arenada Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşması və Konstitusiyanın 25-ci ildönümü münasibətilə təbrik etmişdir.
Rektor qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyindəki qüdrətli Azərbaycan Ordusu noyabrın 8-də məhz bəzilərinin ehtimal belə etmədiklərini reallığa çevirdi – Qafqazın qədim mədəniyyət mərkəzi, Azərbaycanın incisi Şuşa şəhəri düşməndən azad edildi. Dövlətimizin başçısı Şuşanın işğaldan azad edildiyi müjdəsini xalqımıza çatdırdığı an bütün azərbaycanlıların necə sevindiklərini ifadə etməyə söz tapmaq çətindir. Qüdrətli ordumuzun rəşadəti bütün dünyanı heyran etmişdir. Heç bir hərbi texnikadan istifadə etmədən möhkəm istehkamlı Qarabağın döyünən ürəyi olan, xalqımızın qeyrəti, qüruru sayılan Şuşanın Xüsusi təyinatlılarımız tərəfindən azad ediməsi qəhrəmanlığın özünü heyrətə salmışdır. Azərbaycan ordusunun döyüş taktikası kimi, Şuşanın da azad olunması dünya hərbi mütəxəssislərini bundan sonra da maraqlandıracaq, bu haqda fikirlər söylənəcək, təhlillər aparılacaqdır.
Müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən Konstitusiyamızın qəbul edilməsinin 25 illik yubileyi Böyük Qələbəyə təsadüf edib. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan bu Konstitusiya Azərbaycan xalqının keçdiyi inkişaf yolunun məntiqi nəticəsidir.
Professor Yusif Yusibov onu da bildirmişdir ki, bu gün bizlərə bu sevinci yaşadan şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi.
Professor Yusif Yusibov Elmi Şuranın gündəliyi ilə iclas üzvlərini tanış etdikdən sonra, sözü Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadəyə vermişdir.
Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə qeyd etmişdir ki, Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi xoş xəbər gəldi. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. 10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə – Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Məhz bu gün Azərbaycanın Rəşadətli Ordusunun düşmənin sözdə “yenilməz ordusu” üzərində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan məğlub olduğunu etiraf etməyə məcbur edildi. Azərbaycan xalqının mədəniyyət beşiyi, milli qürur mənbəyi olan Şuşa şəhəri uğrunda döyüşlər xüsusilə diqqətəlayiq oldu. Düşmən, həmçinin dünyanın aparıcı kütləvi informasiya vasitələri bu döyüş zamanı haqq işi uğrunda vuruşan Azərbaycan əsgərlərinin vətənpərvərliyini, qəhrəmanlığını, şücaətini, yenilməzliyini etiraf etməyə məcbur oldu, onların döyüş əzmi qarşısında heyrətini gizlədə bilmədi. Bu gün bizə bu sevinci yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin. Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına nail oldu.
Daha sonra Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadənin “Beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində universitetdə görülən işlər” və Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun “2020 /2021-ci tədris ilinin I yarım ilində tədrisin təşkili və qarşıda duran məsələlər” haqqında hesabatları dinlənilmişdir.
İclasda Fizika kafedrasının dosenti Rüstəmov Vaqif Cəbrayıl oğluna Universitetin ”Fəxri professor”u adının verilməsi məsələsi müzakirə edilmişdir. Açıq səsvermədə Fizika kafedrasının dosenti Vaqif Rüstəmov Elmi Şura üzvlərinin kifayət qədər səslərini toplayaraq Universitetin ”Fəxri professor”u adına layiq görülmüşdür.
Sonda bir daha universitetin rektoru, professor Yusif Yusibov professor-müəllim heyətinə görülməsi vacib olan məsələlərlə bağlı tapşırıqlar vermişdir.
MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ