Türkiyə Respublikasının Nişantaşı Universitetinin rektoru Prof. Dr. Şenay Yalçın başda olmaqla universitetin nümayəndə heyəti Gəncə Dövlət Universitetini ziyarət edib

16 Noyabr 2020-ci il tarixdə Türkiyə Respublikasının Nişantaşı Universitetinin nümayəndə heyəti universitetin rektoru Prof. Dr. Şenay Yalçın başda olmaqla Gəncə Dövlət Universitetini ziyarət edib. Ziyarətin əsas məqsədlərindən biri Ermənistanın 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası ərazisinə və xalqına qarşı həyata keçirdiyi hücumlar nəticəsində baş vermiş vəhşiliklər ilə yerində tanış olmaq olub. Qonaqlar xüsusi ilə Gəncə şəhərində günhasız mülki şəxslərin raket atəşinə məruz qalması nəticəsində dağıntılara məruz qalmış ərazilər və zərər görmüş sakinlər ilə tanış olmaq istəmişlər.

Günün ilk yarısında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hər iki universitetin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib  və gül dəstələri qoyublar. Bundan sonra Nişantaşı Universiteti və Gəncə Dövlət Universiteti işğal olunmuş Azərbaycan ərazilərinin, xüsusən də Dağlıq Qarabağın azad edilməsi prosesinə dəstək məqsədi və bu proseslə bağlı həqiqətləri elmi cəhətdən qiymətləndirmək üçün ortaq Elmi Şura təşkil etmişdir. Eyni zamanda Elmi şuranın əsas məqsədi baş vermiş hadisələri dünya ictimaiyyətinə çatdırmaq olub. Şura zamanı deyilən əsas fikirlərdən biri də o olub ki, Ermənistan işğalçı və təcavüzkar bir güc olaraq beynəlxalq birliyin əsas prinsip və normalarına zidd olan qeyri-insani və sülhə qarşı siyasət aparır. Ermənistan bu davranışı ilə Qafqaz bölgəsində sülh və əmin-amanlığı təhlükəyə atır. Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadan haqsız olaraq işğal etdiyi Dağlıq Qarabağ Birləşmiş Millətlər Təşkilatı tərəfindən müstəqil Azərbaycan Respublikasının ərazisi kimi tanınır. Beynəlxalq hüquq qaydalarına məhəl qoymayan Ermənistan, Azərbaycanı Dağlıq Qarabağa güzəştə getməyə məcbur etmək üçün günahsız mülki insanları hədəf alan planlı şəkildə təxribat xarakterli hücumlar həyata keçirmişdir. Bu bir çox mülki şəxsin ölümünə və mülki yaşayış yerlərinin dağıdılmasına səbəb olmuşdur.

Sonda hər iki rektor Azərbaycanı xalqını, ordumuzu və bu qələbənin memarı olan Ali Baş Komandanı, işğalı altındakı ərazilərimizin geri alınması münasibətilə təbrik edib və Azərbaycana bu haqlı mübarizəsində uğurlar arzu etmişdir. Bu yolda qəhrəmancasına həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralı olan əsgərlərimizə isə tezliklə öz sağlamlıqlarına qovuşmağı arzu etmişlər.

Bildirilmişdir ki Nişantaşı Universiteti və Gəncə Dövlət Universiteti, Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq ictimaiyyətə və dünya ictimaiyyətinə çatdırılması, habelə Ermənistanın törətdiyi müharibə cinayətlərinin və sülhə qarşı olan cinayətlərin cəzalandırılması üçün gələcəkdə də lazımi humanitar və akademik təşəbbüslər göstərməyə davam edəcək.

Elmi Şuranın sonunda GDU-nun rektoru Prof. Dr. Yusif Yusibov və Nişantaşı Universitetinin rektoru Prof. Dr. Şenay Yalçın arasında birgə akademik fəaliyyətlərin həyata keçirilməsi istiqamətində müqavilə imzalanmışdır. Şenay Yalçın bildirib ki, Türkiyənin Nişantaşı Universitetində təhsil almaq istəyən Gəncədəki şəhid ailələrinin övladlarına təqaüd vermək məsələsində həm səfirliklər, həm də digər rəsmi şəxslərlə müzakirələr aparır. Qeyd edək ki onlayn şəkildə təşkil olunan elmi şuraya həm Nişantaşı Universitetinin həm də Gəncə Dövlət Universitetinin çoxlu sayda nümayəndələri qoşulmuşdur. Günün ikinci yarsında, hər iki universitetin nümayəndə heyəti Oktyabr ayında Ermənistanın Azərbaycana qarşı təcavüz aktı nəticəsində Gəncə şəhərinin ballistik raketlərlə vurulmasından sonra yaranmış dağıntılarla tanış olmaq üçün hadisə yerlərinə gedib. Qonaqlar Erməni vəhşiliyi nəticəsində həyatını itirənlərin xatirəsini yad etmək üçün həmin yerlərə gül dəstələri qoyub və orada yaşayan sakinlər ilə söhbətlər aparıblar.

Gəncə Dövlət Universiteti və Nişantaşı Universiteti arasında imzalanan bəyanatdan bəzi məqamlar