Ustad dərsi: Azərbaycan Xalq Cümhuriyyəti və Gəncə dövrü
Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə AMEA Gəncə Bölməsi, Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqovun “Azərbaycan Xalq Cümhuriyyəti və Gəncə dövrü” mövzusunda “ustad dərsi” dinlənilib.
Dərsdə universitetin Tarix-coğrafiya fakültəsinin professor-müəllimləri, həmçinin 39 saylı tam orta məktəbin tarix müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri açan Mir Cəlal Paşayev adına 39 saylı məktəbin direktoru Nizami Rzayev Gəncə Dövlət Universitetinin alimləri ilə məktəb şagirdləri arasında keçirilən görüşlərin artıq ənənəvi xarakter daşıdığını deyib və belə görüşlərin hər bir şagirdin inkişafında, onların əsl şəxsiyyət kimi formalaşmasındakı rolundan danışıb.
Təcrübə və karyera şöbəsinin rəhbəri Cabbar Qarayev bildirib ki, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən orta təhsil müəssisələrində, xüsusən universitetin baza təhsili məktəblərində keçirilən bu cür açıq dərslərin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə ölkəmizin tarixini daha dərindən öyrətmək, sevdirmək, ali təhsil müəssisəsinin nailiyyətləri və beynəlxalq əlaqələri haqqında məlumat vermək, eləcə də şagirdlərin gələcəkdə əmək bazarının tələbinə uyğun düzgün ixtisas seçiminə kömək etməkdir.
Cabbar Qarayev Təcrübə və kareyara şöbəsi tərəfindən bu cür ustad dərslərinin və açıq dərslərin gələcəkdə universitetin digər baza məktəblərində, eləcə də Gəncə və ətraf rayonların bütün orta məktəblərində keçirilməsinin planlaşdırıldığını deyib.
Sonra alim tərəfindən mövzu ilə bağlı dinləyicilərə ümumi məlumat verilib.
AXC-nin yaranmasını tariximizin ən şərəfli hadisəsi kimi dəyərləndirən Həsənbala Sadıqov deyib: “Transqafqaz dövlətini və Seymini milli ziddiyyətlər dağıtdı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Azərbaycan Cümhuriyyətinin liderləri bilirdilər ki, onlar Tiflisdə uzun müddət qala bilməyəcəklər. Onlar ölkəyə sahib çıxmalı, bunun üçün də Bakını bolşevik ermənilərdən azad etməli idilər. Birbaşa Bakıya getmək mümkün deyildi. Ona görə də cümhuriyyət rəhbərləri dünya dövlətlərinə müstəqilliklərini elan edərkən paytaxt olaraq Gəncəni göstərirdilər. Azərbaycan Xalq Cümhuriyyəti 18 gündən sonra Gəncəyə gəldi. Azərbaycan Xalq Cümhuriyyətinin üç ay ərzində Gəncədəki fəaliyyəti tariximizin və dövlətçiliyimizin şanlı səhifələrindən birini təşkil edir”.
Qeyd edilib ki, məhz cümhuriyyətin Gəncə dövrü bir sıra mühüm hadusələrlə zəngin olub. İlk müstəqil dövlət 3 ay ərzində burada xalqın taleyi ilə bağlı yüzə yaxın qanun və qərar qəbul edib. Məhz Gəncədə Azərbaycan dili dövlət dili elan olunub. İlk dəfə al qırmızı ay-ulduzlu bayrağımız ucaldılıb. Üzeyir Hacıbəyovun redaktorluğu ilə “Azərbaycan” qəzeti nəşrə başlayıb. 1804-cü ildən adı dəyişdirilən şəhərin tarixi Gəncə adı özünə qaytarılıb. Qaryagin qəzası Cəbrayıl qəzası adlandırılıb. Ağdaşa şəhər statusu verilib. Əhalinin 28 iyun 1918-ci il tarixi teleqramındakı arzusu nəzərə alınaraq. Zaqatala dairəsi Azərbaycan Cümhuriyyətinin tərkibinə daxil edilib. Ən əsası isə, məhz Gəncədə Azərbaycan Milli Ordusunun təşkili sahəsində ilk addımlar atılıb. Gəncədəki Müəslman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırılıb. Hərbi nazirlik təsis edilib. Məcburi müəlləfiyyət elan olunub. Əvvəlcə zabit kadrlarının hazırlanması üçün qısamüddətli kurslar yaradılıb, sonra isə hərbi məktəb açılıb. Hərbi zavod fəaliyyətə başlayıb. Nəhayət, ilk Azərbaycan alayı formalaşıb.
Məhz, Gəncədən gedən nümayəndə heyəti – Məhəmməd Əmin Rəsulzadə, Aslan bəy Səfikürdlü və Xəlil bəy Xasməmmədov sentyabrın 6-da Aya Sofiya məscidində Sultan IV Mehmetdən Azərbaycan Cümhuriyyəti üçün xeyir-dua alıb. Bununla da yeni hökumətin Türkiyə tərəfindən tanınması yolunda ilk addımlar atılıb.
Beləcə, Gəncə torpağında dirçəlib güc-qüvvə toplayan Azərbaycan Xalq cümhuriyyəti 1918-ci il sentyabrın 17-də real bir qüvvə kimi Bakıya köçüb.
Professor Həsənbala Sadıqovun təqdim etdiyi “ustad dərsi” dinləyicilər tərəfindən yüksək qarşılanıb. Dərslə bağlı təəssüratlarını bildirənlər bu cür nümunəvi dərslərin Gəncə şəhərinin digər ümumtəhsil məktəblərində də keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri: Rauf Hacıyev