XARİCİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ


Gəncə Dövlət Universitetində təhsil alan xarici ölkə vətəndaşları olan tələbələrlə görüş keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tələbələrlə görüşdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı  Pərvin Kərimzadə, İnnovasiya Deportamentinin direktoru Vasif Həsənov, Tədris şöbəsinin müdiri Elturan Yusifov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev iştirak ediblər.
Görüşdə çıxış edən universitetin prorektoru Pərvin Kərimzadə tolerant və multikultural ənənələri ilə  seçilən ölkəmizdə, həmçinin Gəncə şəhərində əcnəbi tələblər üçün yaradılan şəraitdən söz açıb. Prorektor multikulturalizm ənənələrinin Azərbaycanın dövlətçilik prinsiplərində aparıcı olmasının əsaslarının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Ötən tədris ilində Gəncə Dövlət Universitetində müxtəlif xalqlara mənsub əcnəbi tələbələrin təhsil almasını peşəkar mütəxəssis hazırlanması istiqamətində aparılan düzgün təbliğat kimi dəyərləndirib.
Bu il 36 nəfər əcnəbi tələbənin GDU-da təhsil almaq üçün müraciət etdiyini deyən dosent Pərvin Kərimzadə qeyd edib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilib. Məhz həmin qərara əsasən Gəncə Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr öz təhsillərini təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqaviləyə əsasən davam etdirəcəklər.
Bildirilib ki, Gəncə Dövlət Universitetinin fiziki şəxslərlə birbaşa bağladığı müqaviləyə əsasən bu il Türkiyə, Rusiya və Gürcüstandan olan gənclər öz təhsillərini bu ali təhsil müəssisəsində davam etdirəcəklər.