TƏHSİLDƏ İNNOVATİV TEXNOLOGİYALAR ƏLAVƏ TƏHSİL MƏRKƏZİ(İTE) UNİVERSİTETDƏ TƏLİMƏ BAŞLAYIR


                Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) təhsilverənlərin və təhsil sahəsinin liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsilin yeni paradiqmalar və yenilikçi strategiyalar əsasında formalaşmasına dəstək verir.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikirlər  Gəncə Dövlət Universitetində İTE əməkdaşının müəllimlərlə görüşündə səsləndirilib.

Təlimçi Elnur Hacıyev bildirib ki,  Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə müqavilə çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən “Ali təhsil müəssisələrinin müəllimləri üçün onlayn kommunikasiya, sərbəst öyrənmə portalı ( edX platforması) və İKT savadlılığının artırılması” adlı təlim keçiriləcək. Təlimin əsas məqsədi İKT üzrə savadlılığın artırılması, tədris prosesində interaktiv texnologiyalar, elektron məzmun, layihə metodikası və müasir tədris strategiyalarından istifadə istiqamətləri üzrə araşdırmalara arxalanan məzmun, yüksək səviyyəli təlim metodları, ən son trendlər və texnologiyaları özündə birləşdirməkdir.

Təhsil islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsində pedaqoji kadr hazırlığının keyfiyyətinin təmin edilməsi başlıca amildir. Müəllim nəzəri baxımdan məlumatlı olmaqla yanaşı, praktiki bacarığı ilə yeni təlim texnologiyalarından səmərəli istifadə etməyi bacarmalıdır.Təklif etdiyimiz təlim proqramı tədris prosesinin bir çox məqamlarını əhatə edir.

Təlim proqramı bitdikdən sonra müəllimlər  təşkil olunan müsabiqədə iştirak edəcəklər. Müsabiqədən uğurla keçən müəllimlərə sertifikatlar veriləcək.