Xüsusi əhəmiyyət daşıyan hərbi əməliyyat
İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında Hadrut əməliyyatı xüsusi əhəmiyyət daşıyır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə – Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi.
Baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.
Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, Azərbaycan Ordusu Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcək. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik.
Uzun fasilədən sonra Hadruta – Xocavəndə qayıtmışıq. Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq.
Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Rəsmi İrəvan hesab edirdi ki, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun inzibati mərkəzi idi. Ermənistan rəhbərliyi və ictimaiyyəti gördü ki, Azərbaycan üçün bütün torpaqlar doğmadır – istər Füzuli olsun, istər Cəbrayıl olsun, istər Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq.
Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Az itkilərlə qəsəbəni götürməyə nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Azərbaycan Ordusu Hadrutda ölkəmizin bayrağını qaldırdı və erməni yalanlarına son qoyuldu.
Ermənistanın tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. O vaxta qədər burada erməni yaşamırdı. Müharibə dövründə də Ermənistan rəsmi orqanları yalan məlumatlar yayırdılar.
Ermənilərin Hayastan adlı böyük bir fondu var. Hayastan, əslində, Ermənistan deməkdir. Ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu Hayastan fondu bəlkə də bir neçə milyard pul yığmışdır. Həmçinin Amerikada yaşayan zəngin ermənilər öz xüsusi fondlarını yaradıblar, öz ailə üzvlərinə aid fondlar yaradıblar. Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi məlum deyil. Çünki azad edilmiş bütün yerlərə baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafın əsər-əlaməti yoxdur.
Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Mağaraya böyük ziyan vurulub.
Hadrut işğaldan azad olunmuş bütün digər ərazilər kimi bərpa olunacaqdır. Azərbaycan Hadrutu bərpa edəcək. Hadrutun baş planının ilk layihəsi artıq hazırlanıb. Yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcək və həmin plan təsdiq olunacaqdır. Artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri və otellər tikiləcəkdir.
Hadrut kənd təsərrüfatının inkişafı üçün böyk potensiala malikdir. Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq – bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada üzümçülük ənənələri olubdur, üzüm üçün çox münbit şərait var.
Vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut və Martuni rayonları birləşdirilərək Xocavənd rayonu yaradıldı. Keçmiş Martuni rayonunun da təqribən 55-60 faizi işğalçılardan azad edilib və Azərbaycan vətəndaşları o bölgələrə də qayıdacaqlar.
Ermənistan torpağımızı işğal edərək Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyub, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna göz yumurdular.
Ermənilər Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi qırıblar, yandırıblar. Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib.
Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib. Bütün binalar necə var idi, elə də qalıb. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı.
Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin fəaliyyətini unutmaq olmaz. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. Yaralılar döyüş meydanından dərhal çıxarılaraq sanitar maşınlarla ən yaxın olan tibb mərkəzinə aparılırdı. Həm həkimlər, həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına, ixtiyarına vermişdilər. Bizim son illər ərzində tibb mərkəzlərinin coğrafiyasına fikir verdikdə görünür ki, cəbhəyanı, təmas xəttinə yaxın olan bölgələrə xüsusi diqqət göstərilirdi. Bu da təsadüfi deyildi. Çünki müharibə qaçılmaz idi.
Bütün erməni təxribatlarının qarşısı uğurla alındı. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilmişdir. Müharibə başa çatandan sonra Ermənistanın Şirak vilayətindən keçmiş Hadrut rayonunun bəzi kəndlərinə xüsusi diversiya qrupu göndərilmişdi. Onlar noyabrın sonlarında Laçın dəhlizindən keçərək bu bölgələrə daxil oldular. Diversiya qrupu tərksilah edildi və həbs olundu. Cinayət törətməmiş hərbçilər geri qaytarıldı, cinayət törətmiş hərbçilər, diversantlar artıq məhkəmə qarşısında cavab verməli oldular. Hətta müharibə başa çatandan, Ermənistan kapitulyasiya aktına imza atandan təxminən 20 gün, iki həftə sonra onlar yenə də Hadruta hücum etməyə çalışdılar. Amma Azərbaycan Silahlı Qüvvələri lazımi addımları atmışdı.
Hazırlıq sistemli xarakter daşımışdı. Uzunmüddətli hərtərəfli hazırlıq işləri gedirdi – iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu sahələrində, vətənpərvərlik, düşmənə nifrət hissi aşılanırdı gənclərimizə. Bu hazırlıq nəticədə belə möhtəşəm Qələbəyə gətirib çıxardı ki, bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan, xaricdə yaşayan milyonlarla azərbaycanlı bu gün haqlı olaraq fəxr edir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti