Türkiyənin Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Gəncə Dövlət Universitetində olub
Türkiyə Respublikasının Gəncəyə yeni təyin olunan Baş konsulu Recep Öztop Gəncə Dövlət Universitetində olub.
Öncə universitet rəhbərliyi ilə birgə şəhidlərin əziz xatirəsinə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstələri qoyulub.
Daha sonra keçirilən görüşdə rektor Yusif Yusibov Baş konsul Recep Öztopu salamlayaraq onu Gəncəyə yeni təyinatı ilə bağlı təbrik edib, iki ölkə arasındakı qardaşlıq münasibətlərindən ətraflı danışıb. Qeyd edib ki, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə dövlətləri arasındakı əlaqələr tarixi köklərə və qardaşlığa söykənir.
Görüşdə Rektor Yusif Yusibov universitetdə həyata keçirilən islahatlar, tələbələrin təhsil almaları üçün yaradılan şərait, universitetin beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Qardaş ölkə universitetləri ilə elm-təhsil sahəsində həyata keçirilən layihələr və tələbə-müəllim mübadiləsinin əhəmiyyətindən bəhs edib.
Rektor Yusif Yusibov onu da qeyd edib ki, yaxın zamanlarda Gəncə Dövlət Universiteti ilə Dokuz Eylül Universiteti arasında imzalanmış ikili diplom proqramı çərçivəsində beynəlxalq akkreditasiyadan keçmiş ixtisaslar üzrə mütəxəssis hazırlığına başlanılacaq.
Universitet rəhbərliyinə təşəkkürünü bildirən Baş konsul Recep Öztop Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirib, münasibətlərin bundan sonra daha da yüksək səviyyəyə çatması üçün səy göstəriləcəyini vurğulayıb.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti