Almaniyanın Azərbaycandakı səfiri Gəncə Dövlət Universitetində olub
Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Gəncəyə səfəri çərçivəsində Gəncə Dövlət Universitetində olub.
Səfirlə görüşdə universitetin rektoru Yusif Yusibov qonağı salamlayaraq, ali təhsil ocağı haqqında ətraflı məlumat verib.
Rektor Yusif Yusibov universitetin beynəlxalq əlaqələrindən bəhs edib, ali təhsil ocağının Alman Akademik Mübadilə Xidməti ilə (DAAD) əməkdaşlığından və əldə edilən uğurlardan danışıb.
Səfir Ralf Horlemann Gəncə Dövlət Universitetində Alman dilinin tədris edilməsini və tələbələrin bu dilə olan marağını yüksək qiymətləndirib. Universitet rəhbərliyinə təşəkkürünü bildirən səfir münasibətlərin bundan sonra daha da inkişaf etməsi üçün dəstək göstərəcəyini vurğulayıb.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.
Daha sonra səfir Ralf Horlemann Xarici Dillər Fakültəsində alman şairi Yohan Volfqanq Höte adına auditoriya ilə yaxından tanış olub. Burada fakültənin müəllimləri və Alman dili müəllimliyi ixtisasında təhsil alan tələbələrlə görüş keçirib.
Tələbələrin dil biliklərinin daha da inkişafı üçün görüləcək işlər və Almaniyada təqaüd imkanları haqqında məlumat verilib, müzakirələr aparılıb.
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Gəncə Dövlət Universitetində olmaqdan məmnun qaldığını dilə gətirib, tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti