ENGAGE layihəsi çərçivəsində İsveçə səfər baş tutub
Gəncə Dövlət Universitetinin tərəfdaş, Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsinin ali təhsil müəssisələrində intitusional səviyyədə davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi məqsədi daşıyan IV iş paketinin icrasına başlanılıb.
İş paketi çərçivəsində sahibkarlığın inkişaf etdirilməsinə dair fəaliyyətlərin ali təhsil müəssisələrinin inkişaf strategiyalarına inteqrasiyası, sahə üzrə akademik kadrların təlimi, sahibkarlığın seçmə fənn olaraq ixtisas profilindən asılı olmadan bütün ixtisaslarda tədris məsələlərinin təşkili, sahibkarlığın konsepsiyası, sahibkarlığın maliyyələşdirilməsi və sosial sahibkarlıq mövzuları üzrə Bakı, Gəncə, Naxçıvan və Mingəçevir şəhərlərində təlimlər təşkil olunacaq. Bununla yanaşı qadın sahibkarlığının gücləndirilməsi üçün xüsusi təlimlərin təşkil edilməsi və bu təlimlərə ən azı 500 tələbənin cəlb olunması nəzərdə tutulur.
27 may 2024-cü il tarixində IV fəaliyyət planı çərçivəsində İsveçin Kral Texnologiya Universitetində tərəfdaş universitetlərin sahibkarlıq üzrə professor-müəllim heyəti üçün “Ali təhsilin inkişaf etdirilməsi” adlı təlim proqramı öz işinə başlayıb.
27-31 may tarixlərini əhatə edən işgüzar səfərdə layihə konsorsiumunun üzvü olan ali təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər.
5 günlük təlim proqramı çərçivəsində iştirakçılar təşkilati və fənn səviyyəsində təhsilin keyfiyyətinin artırılması strategiyaları, akademik heyətin tədris və təcrübə bacarıqlarını inkişaf etdirmək üçün təlimin vacibliyi, davamlı inkişaf məqsədləri və sahibkarlıq bacarıqlarının təhsilə inteqrasiyası, rəqəmsal texnologiyalardan istifadə, tələbələrin peşə bacarıqlarının inkişaf etdirilməsi üçün səmərəli və effektiv tədris təcrübələrindən yararlanması, eləcə də təlim nəticələrinin təkmilləşdirilməsi metodlarının araşdırılması kimi mühüm mövzularla tanış olmaq imkanı əldə ediblər.
Qeyd edilən mövzular ətrafında müzakirələr aparılıb və komanda işləri təqdim edilib.
Təlimlərin yekununda iştirakçılar KTH Universiteti tərəfindən sertifikatlarla təltif olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti