GDU-da «COP29 və Azərbaycan: İqlim dəyişikliyi təhlükəsi» mövzusunda  dəyirmi masa keçirilib

         Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsində «COP29 və Azərbaycan: İqlim dəyişikliyi təhlükəsi» mövzusunda  dəyirmi masa keçirilib.

      Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin beynəlxalq əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizin dünyanın ən mötəbər  tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir.

GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək COP29 tədbirlər planına uyğun ölkəmizdə aparılan genişmiqyaslı işlərdən və ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin önəmindən bəhs edib.

     Tədbirdə  Anatomiya, fiziologiya və zoologiya kafedrasnın dosenti Elnarə Hüseynova “Ətraf mühit  amillərinin  uzunömürlülüyə  təsiri”,  baş müəllim  Güləbatın Hümbətova “Müasir qida məhsulları və ekoloji mühit”,  baş müəllimi Şəlalə Hacıyeva “COP29 – İqlim dəyişkənliyinin quşlara təsiri”, müəllim  Zərifə Seyidova “Dəyişkən ekoloji şəraitə uyğun davamlı tut sortlarının  çoxaldılması  yolları” və Kimya-biologiya fakültəsinin 3-cü kurs tələbəsi Aysu Nəbizadə “COP-29 – paytaxtın yaşıl mərkəzi” adlı məruzə ilə çıxış ediblər.

        Məruzələrdə  müasir dünyanı narahat edən qlobal ətraf mühit problemləri və iqlim dəyişmələrinin başvermə səbəbləri, bunun minimuma endirilməsi üçün Azərbaycan Respublikasının səyləri diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkəmiz “yaşıl iqtisadiyyat”a keçidə xüsusi önəm verməklə “yaşıl enerji” sektoruna sərmayə qoyur, bu istiqamətdə dünyanın digər ölkələri üçün nümunə rolunu oynayır.

      Tədbirdə biomüxtəlifliyin itirilməsi, torpaqların eroziyası, meşələrin qanunsuz kəsilməsi, havanın, çayların, ümumilikdə ətraf mühitin çirklənməsi, tullantıların qeyri-rasional şəkildə idarə olunması kimi fəsadların qarşısının alınması kimi məsələlərdən danışılıb. Eyni zamanda ətraf mühitdə ekoloji tarazlığın qorunub saxlanması haqqında maarifləndirici video-çarx nümayiş etdirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti