GDU-da Təhsil Tələbə Krediti Fondu barədə tələbələrlə maarifləndirici görüş keçirilib
Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunda Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin nümayəndələri Günay Xəlilova, Leyla Rəhimova və İlkanə Həmidli tələbələrlə görüşüb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Universtetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Təhsil Tələbə Krediti Fondunun nümayəndələrini salamlayıb. Prorektor bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsilin əlçatanlığını təmin etməkdir. Fond ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli Fərmanı ilə yaradılmışdır. Bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ verilir. Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin nümayəndəsi Günay Xəlilova çıxış edərək kreditlərin verilməsinin şərtləri, mərhələləri və kredit şərtlərinin üstünlüklərindən ətraflı məlumat verib. O da diqqətə çatdırılıb ki, kreditlərdən yararlanma səviyyəsi üzrə GDU tələbələri qabaqcıl sıralardadır. Buna görə də Təhsil Tələbə Krediti Fondunun nümayəndələri universitet rəhbərliyinə, o cümlədən məsul şəxsə təşəkkürünü bildiriblər. Təhsil müəssisələri ilə iş şöbəsinin nümayəndəsi Leyla Rəhimova isə diqqətə çatdırıb ki, bu ilin yanvar ayında fondda yeni işə götürənlər və innovasiya şöbəsi də yaradılıb. Şöbə 3 istiqamətdə işə başlayıb. Məqsəd əmək bazarına savadlı mütəxəssis cəlb etməkdir.
Sonda Təhsil Tələbə Krediti Fondunun nümayəndələri və Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və idarə olunması sektorunun müdiri, Təhsil Tələbə Krediti Fondunun Universitet üzrə məsul nümayəndəsi Sevinc Quliyeva tələbələrin suallarını ətraflı cavablandırıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti