“COP29 Yaşıl dünya naminə həmrəliyin qlobal təzahürüdür” mövzusunda ustad dərsi keçirilib
Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə ustad dərsi keçib.
Dərsdə universitetin Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, orta məktəbin direktoru Nizami Rzayev və yuxarı sinif şagirdləri iştirak ediblər.
“COP29 Yaşıl dünya naminə həmrəliyin qlobal təzahürüdür” mövzusunda təşkil olunan ustad dərsində professor Vaqif Novruzov bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən danışıb. Bildirib ki, belə mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi təsadüfi deyil, ölkəmizdə, o cümlədən də Gəncədə ekoloji təmizlik çox ciddi şəkildə qorunur, yaşıllıq sahələri artırılır və səmərəli nəticələri də var. Professor diqqətə çatdırıb ki, bu gün planetimizin ekoloji vəziyyəti, problemlər həyəcan təbili kimi səslənir. Heç təsadüfi deyildir ki, konvensiyanın ən ali məqsədi də iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab olunan bütün müdaxilələrin qarışısının alınmasıdır.
Ustad dərsində məruzəçi təbii ehtiyatların potensial imkanlarının müəyyənləşdirilməsi və həmin sərvətlərdən səmərəli istifadə etməyin yollarından ətraflı danışıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti