GDU-nun professoru “İşğaldan azad edimiş ərazilərdə hazırkı ekoloji durum və bərpa işləri” mövzusunda ustad dərsi keçib
Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova “İşğaldan azad edimiş ərazilərdə hazırkı ekoloji durum və bərpa işləri” mövzusunda Gəncə şəhər 28 nömrəli tam orta məktbədə ustad dərsi keçib.
Dərsdə universitetin Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, orta məktəbin direktoru Esmira Qaraxanova və yuxarı sinif şagirdləri iştirak ediblər.
Professor Sevda Əhmədova məruzəsində bildirib ki, Qarabağ bölgəsi özünün flora və fauna müxtəlifliyinə görə respublikamızın zəngin ərazilərindəndir. Otuz il ərzində Qarabağdakı tarixi, mədəni-dini abidələrimiz, eləcə də infrastrukturumuz erməni terroruna məruz qalıb. Bu illər ərzində Qarabağın təbiəti ekoloji terror nəticəsində tamamilə məhv edilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin Qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu. Professor onu da diqqətə çatdırdı ki, işğaldan azad edilmiş ərazilər bu gün “yaşıl enerji” zonasına çevrilir. Qarabağ və Şərqi Zəngəzurun əlverişli coğrafi şəraiti və iqlim xüsusiyyətləri, burada alternativ bərpaolunan enerji mənbələri ilə yanaşı, günəş, külək və su resurslarından istifadə üçün əlverişli şərait yaradıb. Bu səbəbdən, dövlətimizin başçısı işğaldan azad edilmiş torpaqlarımızın bərpaolunan enerji potensialını nəzərə almaqla həmin əraziləri “yaşıl enerji” zonası elan edib.
Sonda şagirdlərin sualları cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti