“DƏMİR YUMRUQ TARİX YAZDI” ADLI TƏDBİR KEÇİRİLDİ

8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsində tədbir keçirildi. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etdilər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Zəfər Gününün xalqımızın tarixində əzəmətli qürur rəmzi olduğunu vurğuladı. Qeyd olundu ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə torpaqlarımızın azadlığı və milli qürurumuzun bərpasıdır.

Tədbirdə tələbələrin hazırladığı bədii kompozisiyalar, şeirlər, musiqi nömrələri nümayiş etdirildi.

Tələbələrin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı hazırladıqları flaşmob maraqla qarşılandı.

“Ana duası” kompozisiyasında Vətənin azadlığı uğrunda döyüşə gedən ananın duaları , güclü siyasət və möhkəm iradə ilə qazanılan Zəfərin sevinci nümayiş olundu. I kurs tələbəsi Fərəcli Günəşin ifasında səslənən “Xudayar təsnifi” tədbirə xüsusi rəng qatdı.