“İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
Gəncə Dövlət Universiteti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qonaqları salamlayaraq insan alverinin müasir dövrün ən ciddi qlobal problemlərindən biri olduğu vurğulayıb. Prorektor qeyd edib ki, bu tədbirin təşkilində məqsəd insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumları tərəfindən həyata keçirilən işlər barədə gəncləri məlumatlandırmaqdır.
Tədbirdə Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları çıxış edərək mərkəzin fəaliyyət istiqamətləri, insan alveri qurbanları üçün göstərilən reabilitasiya xidmətləri haqqında ətraflı məlumat veriblər.
İnteraktiv şəkildə davam edən tədbirdə bukletlər paylanılıb, tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.





