Müasir təhsil mühitində şagirdlərin sosial davranışlarının, ünsiyyət bacarıqlarının və sağlam münasibət mədəniyyətinin formalaşdırılması yolları müzakirə olunub

Gəncə Dövlət Universitetinin (GDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Bu günün şagirdi, sabahın cəmiyyəti: Şagirdlərdə münasibət mədəniyyətinin formalaşması” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, TEC sədri Lalə Ələkbərova, Psixologiya kafedrasının müəllimi Zülalə Xəlilova, Pedaqoji fakültənin TEC sədri Silduz Hüseynova və tələbələr iştirak ediblər.

Pərvin Kərimzadə mövzunun aktuallığını vurğulayaraq qeyd edib ki, tədbirin əsas məqsədi müasir təhsil mühitində şagirdlərin sosial davranışlarının, ünsiyyət bacarıqlarının və sağlam münasibət mədəniyyətinin formalaşdırılması yollarını müzakirə etməkdir.

GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışında gələcək pedaqoqların həm peşəkar, həm də sosial bacarıqlarının inkişaf etdirilməsinin universitetin prioritetlərindən biri olduğunu və bu cür təşəbbüslərin tələbələrin ictimai fəallığını artırdığını vurğulayıb.

Dəyirmi masada İbtidai sinif müəllimliyi ixtisasının III kurs tələbəsi Silduz Hüseynova  “Sağlam münasibət – sağlam cəmiyyət”, Məktəbəqədər təhsil ixtisasının I kurs tələbəsi Ceyran Məmmədova “Məktəb dövründə zorakılıqla mübarizə” və Təhsildə sosial psixoloji xidmət ixtisasının 1-ci kurs tələbəsi Fəridə Qocayeva “Aqressiyanın formalaşması” mövzularında məruzə ilə çıxış ediblər.

Daha sonra keçirilən interaktiv diskussiyada sosial-emosional öyrənmə metodları, inklüziv və təhlükəsiz məktəb mühiti, həmçinin rəqəmsal mühitdə etik davranış qaydaları barədə geniş fikir mübadiləsi aparılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti