Bayramınız mübarək!

Novruz bayramı milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyin tarixi təcəssümüdür.

Yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Novruzun gəlişi hər kəsə sonsuz sevinc və fərəh bəxş edir.

Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin, milli mənəvi dəyərlərimizə verdiyi böyük qiymətin nəticəsidir ki, Novruz bayramı bu gün ölkəmizdə rəsmi səviyyədə geniş qeyd olunur.

“Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, – deyən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır.

Ramazan bayramı bu il 20-21 mart tarixlərində qeyd olunur. 

Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət və həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır.

İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir.

 Milli-mənəvi dəyərlərimizi, qədim adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı və Müqəddəs Ramazan bayramı münasibətilə Gəncə Dövlət Universitetinin kollektivini və tələbələrini səmimi-qəlbdən təbrik edir, cansağlığı, xoş bayram əhval-ruhiyyəsi və gələcək işlərində uğurlar arzulayırıq!


Bayramınız mübarək!

REKTORLUQ