Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş dəyirmi masa

Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsində 2026-cı il may ayında Bakıda keçiriləcək Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş dəyirmi masa keçirilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsinin əhəmiyyətindən ətraflı danışıb. Bildirib ki, WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki fəaliyyətinin və gələcəyə baxışının dünyaya təqdim olunması üçün mühüm platformadır.  Qlobal urbanizasiya problemlərinin və həll yollarının müzakirə ediləcəyi mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi ölkənin dünyada artan beynəlxalq nüfuzunun göstəricisidir. Eyni zamanda Azərbaycanın qlobal urbanizasiya proseslərində etibarlı tərəfdaş, beynəlxalq dialoq üçün təhlükəsiz və əlverişli məkan, regional lider kimi qəbul edilməsinə böyük töhfə olacaq.  Tədbirdə  Botanika kafedrasının müdiri, professor  Vaqif Novruzov “WUF 13– Azərbaycanın yerli təcrübəsini beynəlxalq tələblərə uyğunlaşdırmaq üçün uğurlu bir yol”, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova “Müasir dövrün şəhərsalma problemləri”, Kimya kafedrasının müdiri, dosent Aynur Məmmədova “WUF 13 – şəhərlərin gələcəyi, inkluziv cəmiyyətin qurulması”, Botanika kafedrasının professoru Aynur Bayramova “WUF 13-ün ölkəmizə faydaları”, Anatomiya, fiziologiya, zoologiya kafedrasının dosenti Güləbatın Hümbətova “WUF 13 – hər kəs üçün yaşayış yerləri” adlı mövzularda məruzələrlə çıxış ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti