“I Türkoloji Qurultay və yüzillik elmi varislik” adlı elmi-nəzəri konfrans keçirilib
Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsində I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “I Türkoloji Qurultay və yüzillik elmi varislik” adlı elmi-nəzəri konfrans keçirilib.
Konfransda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Daha sonra I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva konfransı giriş sözü ilə açaraq 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayının türk xalqlarının elmi və mədəni birliyinin tarixi əsasını təşkil etdiyini vurğulayıb, həmin qurultayın ortaq keçmişə və qədim mirasa malik türk xalqlarının mədəni inteqrasiyasına mühüm mərhələ qazandıran əsas hadisə olduğunu vurğulayıb.
Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan dili kafedrasının məsləhətçi professoru Mübariz Yusifov qurultayın, xüsusilə Azərbaycan xalqının mədəni həyatındakı ən mühüm hadisələrdən biri kimi tarixə düşdüyünü qeyd edib. Həmçinin bu konfransdan sonra hazırlanan məruzələrin və aparılacaq müzakirələrin Türkoloji elmini inkişaf etdirəcəyini və iştirakçılar arasında elmi əlaqələri möhkəmləndirəcəyini bildirib.
Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev I Türkoloji Qurultayının 100 il sonra da yol göstərici xarakterini qoruduğunu bildirib və türk xalqlarının ortaq və qarşılıqlı anlaşılan dil ətrafında birləşməsinin zəruriliyinə diqqət çəkib. 1990-cı illərdən bu günə qədər Türk əməkdaşlıq təşkilatlarının mühüm məsafə qət etdiyini, universitetlərin və alimlərin dəyərli işlərə imza atdığını qeyd edib.
Konfransda Filologiya və xarici dillər fakültəsinin elmi işlər üzrə dekan müavini Mehriban Məmmədova “I Türkoloji Qurultayın verdiyi töhfə”, Azəbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazova “I Türkoloji Qurultayda türk xalqlarının ədəbiyyatı məsələsi”, Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikova “I Türkoloji Qurultay: Türk xalqlarının mədəni intibahı və dilçilik tədqiqatlarının üfüqləri”, Azərbaycan dili kafedrasının dosenti Aytən Əhmədova “I Türkoloji Qurultayın müəllimlər üçün əhəmiyyəti”, Qrammatika və ingilis dili kafedrasının baş müəllimi Türkan Cəlilova “Azərbaycan ədəbi dilində ingilis dili sözlərinin işlənmə tarixi”, Azərbaycan dili kafedrasının baş müəllimi Fatma Saralova “I Türkoloji Qurultayda orfoqrafiya məsələləri”, Azərbaycan dili kafedrasının müəllimi Günel Məmmədova “I Türkoloji qurultayın çağırılması tarixi zərurət idi”, Azərbaycan dili kafedrasının müəllimi Təranə Əliyeva “I Türkoloji Qurultay və terminologiya məsələləri” adlı məruzələrlə çıxış ediblər.
Konfransda o da diqqətə çatdırılıb ki, çıxışçıların məruzələrinin toplu halında çap olunması nəzərdə tutulur.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti













