“Azərbaycan ali təhsilində beynəlxalq proqram akkreditasiyası forumu” keçirilib

04 may 2026-cı il tarixində Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən ali təhsil müəssisələrində beynəlxalq proqram akkreditasiyası sahəsində mövcud təcrübələrin müzakirəsi, qabaqcıl yanaşmaların paylaşılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə “Azərbaycan ali təhsilində beynəlxalq proqram akkreditasiyası forumu” təşkil olunub.

Forum çərçivəsində yerli və beynəlxalq ekspertlərin çıxışları dinlənilib, aktual mövzular üzrə panel müzakirələr aparılıb.

Tədbirin açılış mərasimində BANM-ın rektoru Elmar Qasımov, Almaniyanın akkreditasiya agentliyi ASIIN-in icraçı direktoru İring Vasser, SOCAR-ın İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəisi Tural Məmmədov, eləcə də Təhsildə Keyfiyyət Təminatı Agentliyi-nin İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək beynəlxalq proqram və institusional akkreditasiyanın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Daha sonra BANM-ın Keyfiyyətin Təminatı Şöbəsinin müdiri Aysel Rzayeva “BANM-də beynəlxalq proqram akkreditasiyası təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Tədbirin davamında ASIIN tərəfindən təqdim olunan sertifikatlar İring Vasser tərəfindən rektor Elmar Qasımova və müvafiq kafedra rəhbərlərinə təqdim edilib.

Panel müzakirələrində İring Vasser, ADA Universitetinin Keyfiyyətin təminatı və akkreditasiya şöbəsinin direktoru Maurus Roller, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Adilova, eləcə də Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının dosenti, təhsil psixoloqu Elmina Kazımzadə iştirak edərək müzakirələrdə səsləndirilən sualları cavablandırıblar.

Forumda beynəlxalq proqram akkreditasiyası üzrə qabaqcıl təcrübənin öyrənilməsi, institusional inkişafın dəstəklənməsi və əldə edilən biliklərin tətbiqi məqsədilə Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl Akif oğlu İsmayılov və mərkəzin mütəxəssisi Leyla Mahir Şirinova iştirak ediblər.