GDU-nun əməkdaşı beynəlxalq konfransda
4-5 may 2026-cı il tarixdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “The Future of Higher Education: Global Perspectives, Local Impact” (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı iki günlük beynəlxalq konfrans keçirilib.
Konfransda ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunub.
Beynəlxalq Konfransda elm və təhsil ictimaiyyətinin nümayəndələri ilə yanaşı, 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspert iştirak edib.
Konfransda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Universitetinin prorektoru Bakıt Altınbaşov çıxış ediblər.
Çıxışlarda ali təhsilin qarşısında duran müasir çağırışlar, o cümlədən rəqəmsallaşma, süni intellektin təhsilə inteqrasiyası, tədrisin keyfiyyətinin artırılması, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, innovasiya və tədqiqat fəaliyyətinin inkişafı, həmçinin qlobal rəqabət şəraitində milli ali təhsil sistemlərinin mövqeyinin möhkəmləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Açılış mərasimindən sonra konfrans işini plenar sessiyalar və müxtəlif tematik istiqamətləri əhatə edən bölmə iclasları ilə davam etdirib.
“The Future of Higher Education: Global Perspectives, Local İmpact”adlı Beynəlxalq konfransda Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Səba Namazova “Women end Gender equality in Educatuon in the contemporary socio-cultural context” mövzusunda məruzə ilə çıxış edib və Sertifikatla təltif olunub.



