Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən təhsil işçilərinə TəhsilPlus kartları təqdim olunub

İyunun 4-də Gəncə-Daşkəsən regionu üzrə ali və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsil işçilərinə TəhsilPlus kartlarının təqdimetmə mərasimləri keçirilib.

Gəncə Dövlət Universitetində təşkil olunan tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bankın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, millət vəkili Pərvin Kərimzadə, Kapital Bankın Gəncə filialının direktoru Vüqar Paşayev, eləcə də ali təhsil müəssisələrinin professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə TəhsilPlus kartının tanıtım çarxı nümayiş olunub. Təqdimatda kartın təqdim etdiyi üstünlüklər, tərəfdaş şəbəkələrində mövcud olan endirim və bonus imkanları haqqında məlumat verilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək müəllimlərin cəmiyyətin inkişafında və gənc nəslin formalaşmasında müstəsna xidmətlərindən bəhs edib, dövlət tərəfindən təhsil işçilərinə göstərilən diqqət və qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsindən, peşəkar inkişafın dəstəklənməsindən və yaradılan geniş imkanlardan danışıb. Rektor təhsil işçilərinin sosial rifahının yüksəldilməsinin, onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Onu da diqqətə çatdırıb ki, təhsil sahəsində çalışan şəxslərin sosial təminatının dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr müəllim nüfuzunun artırılması, onların motivasiyasının gücləndirilməsi və peşə fəaliyyətinin stimullaşdırılması baxımından mühüm rol oynayır.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxışında qeyd edib ki, “TəhsilPlus” kartlarının təqdim etdiyi maliyyə üstünlükləri, endirimlər və müxtəlif xidmətlər təhsil işçilərinin sosial təminat imkanlarını genişləndirərək onların fəaliyyətinə əlavə stimul verir.

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxışında TəhsilPlus kartının təhsil işçilərinə təqdim olunan sosial dəstək mexanizmlərindən biri olduğunu bildirib və dövlətin müəllim əməyinə verdiyi dəyərin təzahürü kimi xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki,  Fond fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurur. TələbəPlus kartından sonra TəhsilPlus kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir. Fondun İdarə Heyətinin sədri Nicat Məmmədli onu da diqqətə çatdırıb ki, regionlarda TəhsilPlus kartlarının təqdimatına ilk olaraq Gəncə-Daşkəsən regionundan başlanılır. TəhsilPlus layihəsi ölkə üzrə yüz minlərlə təhsil işçisini vahid çoxfunksiyalı platforma ətrafında birləşdirir, onların sosial təminat imkanlarını genişləndirir, əlavə güzəşt və üstünlüklər təqdim edir.

Kapital Bankın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında layihənin önəmindən danışıb. Qeyd edib ki, təqdim edilən güzəştlər, bonus imkanları və tərəfdaş şəbəkəsi təhsil işçilərinin gündəlik həyatına real töhfə verəcək. Bu layihənin önəmli tərəflərindən biri də onun dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmasıdır.

Daha sonra Fondun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov TəhsilPlus kartının tətbiq mexanizmi və funksional imkanları barədə geniş təqdimatla çıxış edib. Diqqətə çatdırıb ki, TəhsilPlus kartı Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiyalar şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə təhsil işçiləri üçün əlavə sosial dəstək imkanlarının yaradılması, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına şərait yaradılması və sosial rifahının yüksəldilməsinə töhfə vermək məqsədi daşıyır.

Tədbirin gedişatında universitet rektorlarına və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin bir qrup nümayəndəsinə TəhsilPlus kartları təqdim edilib.

Qeyd edək ki, günün ikinci yarısında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən orta məktəb müəllimlərinə də TəhsilPlus kartları təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti