“I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” mövzusunda bilik yarışı keçirilib
Gəncə Dövlət Universitetində (GDU) Filologiya və Xarici dillər fakültəsində tələbələr arasında “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” mövzusunda bilik yarışı keçirilib. Yarışda 9 komanda iştirak edib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək bildirib ki, ölkəmizdə I Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması türk xalqlarının ortaq elmi-mədəni irsinin, dil və mədəniyyət məsələlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Universitetdə bilik yarışının keçirilməsində məqsəd isə tələbələrin Azərbaycan dilinin tarixi, inkişafı və müasir dil məsələləri ilə bağlı biliklərini möhkəmləndirmək, eləcə də gənclərin elmi dünyagörüşünü genişləndirməkdir.
Filologiya və Xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev yarış iştirakşılarına uğurlar arzu edib və diqqətə çatdırıb ki, bilik yarışında təqdim olunan suallar I Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının dilini, Azərbaycan dilinin inkişafını, dilçilik məsələlərini, eləcə də türkoloji tədqiqatların əsas istiqamətlərini əhatə edib.
Bilik yarışı çərçivəsində tələbələrin mövzu üzrə bilikləri, analitik düşünmə və komanda şəklində işləmək bacarıqları qiymətləndirilib.
“Dilçilər” komandası I yer, “Altay” komandası II yer, “Dil keşikçiləri” komandası isə III yeri tutub.
Yarışın sonunda ilk üç yeri tutan komanda Fəxri fərman, digər iştirakçı komandalar isə Təşəkkürnamə ilə təltif olunublar.





