Gəncə Dövlət Universitetində “İnnovasiyanın İdarə Edilməsi” mövzusunda təlim keçirilib

Gəncə Dövlət Universitetinin Müasir Təlim Mərkəzi və Filologiya və Xarici dillər fakültəsinin birgə təşkilatçılığı ilə “İnnovasiyanın İdarə Edilməsi” adlı təlim keçirilib. Təlimdə Filologiya və Xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, dekan müavini Arzu Babayeva, müəllimlər və tələbələr iştirak ediblər.

Müasir Təlim Mərkəzinin müdiri İlqar Kubışov giriş sözü ilə çıxış edərək mərkəzin fəaliyyət istiqamətləri və gələcəkdə həyata keçiriləcək layihələr haqqında tələbələrə ətraflı məlumat verib. İ.Kubışov bu cür təlimlərin tələbələrin bilik və bacarıqlarının inkişafında, innovativ düşüncə tərzinin formalaşmasında əhəmiyyətini vurğulayıb və gələcəkdə təşkil olunacaq tədbirlərin əhəmiyyətindən bəhs edib.

Daha sonra İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev tərəfindən təlim keçirilib. Təlim zamanı iştirakçılara innovasiya anlayışı, innovasiyanın növləri, biznes modeli və “Business Model Canvas” (Biznes Modeli Kanvası) mövzuları ətrafında ətraflı məlumat verilib.

İnteraktiv müzakirə şəraitində keçirilən təlim tələbələrin innovasiya və sahibkarlıq sahəsində biliklərinin genişləndirilməsinə, biznes ideyalarının formalaşdırılması və onların praktik tətbiqi ilə bağlı bacarıqlarının inkişafına töhfə verib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti