Məktəblərdə “İnklüziya mədəniyyətinin formalaşdırılması” mövzusunda təlimlər keçirilib
Gəncə Dövlət Universitetinin Əlilliyi olan tələbələr üçün Mərkəzin mütəxəssisi, inklüziv təhsil üzrə ARTİ -nin təlimçi mentoru, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova tərəfindən Qazax rayon Səməd Vurğun adına 2 nömrəli və Göygöl rayon Yeni Qızılca tam orta məktəblərində “İnklüziya mədəniyyətinin formalaşdırılması” mövzusunda maarifləndirici təlimlər keçirilib.
Təlimlər məktəblərin birinci sinif şagirdləri və onların valideynləri üçün ayrı-ayrılıqda təşkil olunub.
Şagirdlərlə keçirilən təlimlərdə uşaqlara fərqliliklərə hörmət, bir-birini anlamaq, empatiya, dostluq və qarşılıqlı dəstək kimi dəyərlər aşılanıb. İnteraktiv fəaliyyətlər və müzakirələr vasitəsilə hər bir uşağın fərdi xüsusiyyətlərinə hörmətlə yanaşmağın, heç kəsi fərqliliyinə görə kənarlaşdırmamağın əhəmiyyəti vurğulanıb.
Valideynlər üçün təşkil olunan təlimlərdə isə inklüzivliyin mahiyyəti, ailənin uşaqlarda tolerantlıq və empatiya hisslərinin formalaşmasındakı rolu, fərqliliklərin qəbul edilməsi və uşaqlara düzgün münasibətin aşılanması məsələləri müzakirə edilib. Valideynlərin inklüziv təhsil haqqında məlumatlılığının artırılması və uşaqların inklüziv dəyərlər əsasında tərbiyə olunmasında ailə-məktəb əməkdaşlığının əhəmiyyəti diqqətə çatdırılıb.
Təlimlərin əsas məqsədi erkən yaşlardan etibarən uşaqlarda inklüziya mədəniyyətinin formalaşdırılması, valideynlərin bu istiqamətdə maarifləndirilməsi və hər bir uşağın qəbul olunduğu, özünü dəyərli hiss etdiyi inklüziv mühitin təşviq edilməsidir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti








