GDU-da narkomaniyanın fəsadlarına dair maarifləndirici tədbir keçirilib

GDU-da “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib

Gəncə Dövlət Universitetinin (GDU) Riyaziyyat və informatika fakültəsində “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq narkomaniyanın cəmiyyətə və insan sağlamlığına vurduğu ziyandan, bu bəlanın ağır fəsadlarından bəhs edib. O, narkomaniya ilə mübarizədə maarifləndirmə, təbliğat və profilaktik tədbirlərin əhəmiyyətini vurğulayıb.

Prorektor qeyd edib ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilib, bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən mühüm tədbirlər görülüb. G. Fətəliyeva narkotik vasitələrin insanın mənəvi və fiziki sağlamlığına, sosial həyatına vurduğu zərərdən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı ciddi problemlərdən danışıb.

Tədbir çərçivəsində narkomaniyanın törətdiyi fəsadları, insan sağlamlığına və cəmiyyətə vurduğu zərəri əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.

Daha sonra Riyaziyyat və informatika fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini Nurəngiz Bəşirova “Gənclik bizim sərvətimizdir”, Ümumi riyaziyyat kafedrasının müəllimi Mətanət Həsənova “Sağlam gənclik güclü Vətən deməkdir”, İnformatika və cəbr kafedrasının müəllimi İsmət Budaqov “Qaranlığa yox, işığa doğru”, Riyaziyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Ramil Əliyev “Həyatı seç, narkotiki yox”, Riyaziyyat və informatika müəllimliyi ixtisasının III kurs tələbəsi Firuzə Əhmədova isə “Narkotik vasitələrin fəsadları” mövzularında çıxış ediblər.

Çıxışlarda narkomaniyanın insan həyatına, ailə münasibətlərinə və cəmiyyətin inkişafına mənfi təsirləri diqqətə çatdırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti