Ucar rayonunun Əlikənd kənd məktəbinin şagirdləri Gəncə Dövlət Universitetində olublar

29 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin (GDU) Təcrübə və karyera şöbəsi ilə Filologiya və xarici dillər fakültəsinin birgə təşkilatçılığı ilə Ucar rayonunun N. İsmayılov adına Əlikənd kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri universitetdə olublar.

Universitetin V tədris binasına səfər çərçivəsində şagirdlər mərkəzlər, auditoriyalar, laboratoriyalar, kitabxana və tələbə yeməkxanası ilə tanış olublar.

Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev, dekan müavini Arzu Babayeva, Əlikənd kənd tam orta məktəbinin direktoru Nilufər Mehdizadə və müəllimlərin iştirakı ilə keçirilən görüşdə universitet nümayəndələri çıxış edərək belə görüşlərin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, əsas məqsəd Gəncə Dövlət Universiteti ilə ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, şagirdlərin ali təhsil imkanları, universitetdə tədris olunan ixtisaslar və tələbə həyatı haqqında məlumatlandırılmasıdır.

Görüşün sonunda şagirdlərə GDU-nun fəaliyyətini əks etdirən bukletlər təqdim olunub, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.