GDU nümayəndələri ali təhsil müəssisələrində akkreditasiya tövsiyələrinin icrasının izlənilməsinə həsr olunmuş silsilə görüşdə iştirak ediblər
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ali təhsil müəssisələrinin akkreditasiyası zamanı verilmiş tövsiyələrin icrasının izlənilməsi, bu istiqamətdə həyata keçirilən tədbirlərin qiymətləndirilməsi və təcrübə mübadiləsinin təşviqi məqsədilə silsilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Bu çərçivədə 10 ali təhsil müəssisəsi üzrə akkreditasiya tövsiyələrinin icrası ilə bağlı hazırlanmış Fəaliyyət planları və İzləmə Hesabatları təhlil edilmiş, eləcə də ESG-2015 standartları və ESG-2027 layihə sənədlərində əksini tapan yanaşmalar nəzərə alınmışdır. 2026-cı ilin noyabr və dekabr, 2027-ci ilin yanvar aylarında Microsoft Teams platforması üzərindən bütün ali təhsil müəssisələrinin iştirakı ilə silsilə görüşlərin keçirilməsi planlaşdırılmışdır.
Görüşlərin əsas məqsədi ali təhsil müəssisələri arasında qarşılıqlı təcrübə mübadiləsini genişləndirmək, uğurlu təcrübələrin paylaşılmasına və yayılmasına şərait yaratmaq, ESG prinsiplərinə uyğun olaraq akkreditasiya tövsiyələrinin icrasına nəzarət və izləmə mexanizmlərini təkmilləşdirmək, həmçinin ali təhsil müəssisələrində daxili və xarici keyfiyyət təminatı sistemlərinin davamlı inkişafını dəstəkləməkdir.
Silsilə görüşlərin ilk iclası 25 noyabr 2026-cı il tarixində keçirilmişdir. Görüşdə Xəzər Universitetinin, Azərbaycan Tibb Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri akkreditasiya nəticəsində verilmiş tövsiyələrin icrası istiqamətində həyata keçirdikləri tədbirlər, əldə etdikləri nəticələr və tətbiq etdikləri uğurlu təcrübələr barədə təqdimatlarla çıxış etmiş, təcrübələrini digər ali təhsil müəssisələrinin nümayəndələri ilə bölüşmüşlər.
Gəncə Dövlət Universitetini (GDU) görüşdə Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, Tədris Departamentinin direktoru Elturan Yusifov, İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri Asif Həsənov və İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev təmsil etmişlər.
GDU nümayəndələrinin görüşdə iştirakı akkreditasiya tövsiyələrinin icrasına dair yanaşmaların təkmilləşdirilməsi, fəaliyyət planlarının nəticəyönümlü hazırlanması və icra vəziyyətinin sistemli izlənilməsi, eləcə də digər ali təhsil müəssisələrinin təcrübələrinin öyrənilməsi baxımından əhəmiyyət kəsb etmişdir.
Gəncə Dövlət Universiteti ali təhsildə keyfiyyət təminatı sisteminin inkişaf etdirilməsini, beynəlxalq standartlara uyğun institusional mexanizmlərin təkmilləşdirilməsini və qabaqcıl təcrübələrin tətbiqini prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir. Bu baxımdan, belə görüşlərdə iştirak universitetdə keyfiyyət mədəniyyətinin gücləndirilməsinə, akkreditasiya tövsiyələrinin səmərəli icrasına və davamlı institusional inkişafın təmin edilməsinə töhfə verir.











