GDU-da pedaqoji və istehsalat təcrübələri ilə bağlı maarifləndirici görüş keçirilib

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində 2026/2027-ci tədris ilində pedaqoji və istehsalat təcrübələrində iştirak edəcək buraxılış kurs tələbələri ilə maarifləndirici görüş keçirilib.

Tədbirdə Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, Pedaqoji fakültənin dekanı, dosent Zaur Hüseynzadə, Musiqi fənləri kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova, dosent Allahverdi Quliyev və təcrübəçi tələbələr iştirak ediblər.

Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev çıxış edərək tələbələrə uğurlar arzulayıb. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun olaraq keçirilən təcrübələrin məqsədi, növləri, təşkili və keçirilməsi qaydaları barədə danışıb. Eyni zamanda, təcrübə müddətində tələbələrin qarşısında duran vəzifələr, riayət etməli olduqları qaydalar və təcrübənin peşəkar inkişaf baxımından əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Konfransda digər çıxış edənlər təcrübə proqramına uyğun olaraq verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonda təcrübədə iştirak edəcək tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat verilib.