GDU tələbələri “V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu”nda iştirak edirlər

27 noyabr 2026-cı il tarixində keçirilən “V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu”nun hesabat tədbirində Gəncə Dövlət Universitetinin (GDU) tələbələri öz innovativ layihələri ilə iştirak edirlər. Tədbir aqrar sahədə innovasiya və startap təşəbbüslərinin təqdim olunması baxımından əhəmiyyətli platformadır.

Forumda təqdim olunan təşəbbüslər arasında ekoloji problemlərin həllinə və resurslardan səmərəli istifadəyə yönəlmiş GDU tələbələrinin “FructaDrop” və “Ethylene Eater” layihələri də yer alıb.

“FructaDrop” layihəsi meyvə tullantılarından istifadə etməklə suyun təmizlənməsinə yönəlmiş ekoloji və innovativ təşəbbüsdür. Layihənin əsas ideyası portağal, alma və banan qabıqları kimi üzvi tullantılardan bioferment əsaslı məhlul hazırlamaq və onun suyun keyfiyyətinə təsirini araşdırmaqdır. Bu yanaşma həm qida tullantılarının təkrar emalına, həm də su ehtiyatlarının qorunması istiqamətində alternativ həllərin araşdırılmasına xidmət edir. “FructaDrop” xüsusilə təmiz suya çıxış imkanlarının məhdud olduğu kənd və yarımşəhər ərazilərində əlçatan, iqtisadi və ekoloji həllərin yaradılması ideyasına əsaslanır. Layihə çərçivəsində 120-dən çox ailə arasında sorğu keçirilmiş, iştirakçıların su təhlükəsizliyi ilə bağlı narahatlıqları və mövcud su filtrlərinin əlçatanlığı araşdırılmışdır. GDU tələbələri Zeynəb Nağıyeva və Zəhra İsgəndərova komandanı təmsil edirlər.

Komanda layihənin təkmilləşdirilməsi, prototipin hazırlanması və laboratoriya sınaqlarının həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

GDU tələbələrinin digər innovativ təşəbbüsü olan “Ethylene Eater” layihəsi meyvə və tərəvəzlərin saxlanması və daşınması zamanı təbii olaraq ayrılan etilen qazının udulması və parçalanması üçün nəzərdə tutulmuş xüsusi uducu stiker və materiallar konsepsiyasıdır. Etilen qazı qapalı mühitdə meyvə və tərəvəzlərin yetişmə prosesini sürətləndirərək onların saralmasına, yumşalmasına və daha qısa müddətdə xarab olmasına səbəb olur. Bu isə həm məişətdə, həm də supermarketlərdə, anbarlarda və logistika sahəsində böyük qida itkisi yaradır. “Ethylene Eater” layihəsinin əsas həlli etilen qazını udan və neytrallaşdıran xüsusi stikerlərin hazırlanmasıdır. Məhsulun məqsədi meyvə və tərəvəzlərin təbii təzəliyini və bərkliyini daha uzun müddət qorumaq, saxlanma müddətini uzatmaq və qida israfını azaltmağa töhfə verməkdir. Layihənin potensial tətbiq sahələrinə supermarketlər, soyuducu anbarlar, logistika və daşınma konteynerləri, eləcə də məişət istifadəsi daxildir. GDU tələbələri- Jalə Məmmədova , Aydan Süleymanlı və Xədicə Qəhrəmanlı komandanı təmsil edirlər.

Tələbələrin bu cür təşəbbüslərlə aqrar innovasiya platformalarında iştirak etməsi elmi biliklərin praktiki həllərə çevrilməsi və yerli innovasiya ekosisteminin inkişafı baxımından əhəmiyyət daşıyır.