Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

    Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 105 il ötür.

    1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 1920-ci ilin aprel ayında respublika süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.  

     Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə milli ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanıldı. Ümummilli Lider Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Lisey Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

   1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. 

    Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi ölkə başsısı Cənab İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.     

   2020-ci il 27 sentyabr Azərbaycan xalqının tarixində unudulmaz günlərdən birinə çevrildi. Həmin gün Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, ordumuz əks-hücuma keçdi. 44 gün çəkən döyüşlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz erməni qəsbkarlarını diz çökdürdü. 44 gün ərzində bütün dünya Azərbaycan Ordusunun maddi-texniki bazası, taktiki gedişləri, xüsusilə də əsgərlərimizin qəhrəmanlığı qarşısında heyran qaldı. Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Azərbaycan qalib gəldi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
   26 İyun – Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramıdır. Bu əlamətdar bayram münasibətilə Gəncə Dövlət Universitetinin rəhbərliyi, kollektivi və tələbələrinin timsalında bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir və Vətənin keşiyində duran Azərbaycan Ordusuna uğurlar arzulayırıq.

   Yaşasın, Şanlı Azərbaycan Ordusu!!!

REKTORLUQ