BƏŞƏRİYYƏTİN DÜÇAR OLDUĞU BƏLA

Gəncə Dövlət Universitetində “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.

Maarifləndirici tədbirdə öncə narkomaniyanın acı fəsadlarından bəhs edən “Bəla” qısametrajlı filmi nümayiş etdirilib.

Tədbiri açan Humanitar məsələlər üzrə prorektor  Gülsüm Fətəliyeva qeyd edib ki,  narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik  maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanları xüsusi olaraq qeyd etdi. Prezident İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə mübarizəni davam etdirir. Aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyi, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lərin, ictimai təşkilatların da fəallığının artırıldığı vurğulanıb.

Tədbirdə çıxış edən Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Elfira Ağayeva, həkim-terapevtlər İlhamə İbrahimova, İradə Əkbərova və Rəna Kərimova qeyd ediblər ki, narkomaniya dünya ölkələrinin və cəmiyyətlərinin ən böyük problemlərindən biridir. İllərdir ki, bu problemlə müxtəlif vasitə və metodlarla mübarizə aparılır. Problemin mövcudluğu hələ də qalır və get-gedə yayılma miqyası böyüyür. Bu bəla Azərbaycan cəmiyyətindən də yan keçməyib.

Bildirilib ki, narkomaniya Azərbaycan tələbələri üçün də böyük təhlükədir. Narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir.

Sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ının icrası məqsədilə görülən işlər haqqında məlumat verilib. Bu sahədə əhali arasında maarifləndirmə işlərinin aparıldığı, mətbuatda məqalələrin dərc edildiyi bildirilib.

Çıxış edən məruzəçilər sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək  yeniyetmə gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat və mənəvi kamilliyə çağırıblar.

Tədbirdə tələbələrin sualları cavablandırılıb və onları narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ