Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsində atəşkəsə nail olunması Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətidir
Gəncə Dövlət Universitetində “Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsində atəşkəsə nail olunması Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətidir” adlı tədbir keçirilib.
Universitetin Heydər Əliyev Məktəbində təşkil edilən tədbirdə rektorun baş müşaviri Asif Cavadov çıxış edərək 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə bağlı ali təhsil ocağında təsdiq edilən tədbirlər planı haqqında danışıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışlarında Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən bəhs ediblər. Qeyd edilib ki, Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi və demokratik dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Sosial Fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsində atəşkəsə nail olunması Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətidir” məruzəsi ilə çıxış edib. Qeyd edib ki, 1994-cü ilin may ayında Qarabağda atəşkəsi nəzərdə tutan” protokolun imzalanması Azərbaycan üçün mühüm tarixi hadisə oldu, atəşkəsdən sonra Qarabağda hərbi əməliyyatlar dayandı. Qəbul edilən qərarlar Azərbaycanın gələcək inkişafının qarantı oldu. Atəşkəsdən bir neçə ay sonra imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın XXI əsrdə ən əhəmiyyətli ölkələrdən birinə çevrilməsi ilə nəticələndi.
Tədbirin davamında mövzu ətrafında müzakirələr aparılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti