Gəncə Dövlət Universitetində “Açıq qapı günü” keçirilmişdir
Gəncə Dövlət Universitetində yaz semestr imtahanlarının gedişi ilə tanış olmaq üçün “Açıq qapı” günü keçirilmişdir. Universitetdə təhsil alan tələbələrin valideynlərinin, qeyri hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən “Açıq qapı günü”nün iştirakçıları böyük həvəslə imtahan otaqlarını gəzmiş, yaradılan şəraitlə yaxından tanış olmuş, övladlarının kömpüterdə test suallarına cavab vermələrini müşahidə etmişlər. Müasir texniki vasitələrlə təchiz edilmiş imtahan otaqları, hər tərəfdə hökm sürən sakitlik və nəzarətçilərin fəaliyyəti hər bir valideynin razılığı ilə qarşılanmışdır.
Universitetin tədris işləri üzrə prorektoru Şahin Xurşudov “Açıq qapı günü”nün iştirakçılarını ali təhsil ocağında imtahanların obyektiv və şəfaf keçirilməsi üçün yaradılan şəraitlə, tələbələrin imtahanlarla bağlı şikayətlərini və narazılıqlarını araşdırmaq üçün yaradılmış “Apelyasiya komissiyası”nın və “İmtahan qərargahı”nın fəaliyyəti ilə bağlı ətraflı məlumat vermişdir.
“Açıq qapı” günündə 20-yə yaxın valideyn iştirak etmişdir. Gəncə şəhərindən və ətraf rayonlardan gəlmiş valideynlər Saleh Abbasov, Vasif Verdiyev, Teymur Kərimli, Asif Tağıyev və başqaları imtahanların gedişatından razı qaldıqlarını söyləmiş, burada təhsil alan övladlarının biliklərinin obyektiv və şəffaf qiymətləndirilməsi üçün göstərilən qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər. Qarabağ qazisi Mehdi Kərimov universitetdə təhsil alan iki övladına göstərilən qayğıdan danışmış və öz razılığını ifadə etmişdir.
Sonra “Açıq qapı günü”nün iştirakçıları 44 günlük Vətən müharibəsində həm şəhid olmuş, həm də qazi adını almış universitet tələbələrinin şəkillərindən ibarət guşəyə baxış keçirdikdən ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmişlər.
“Açıq qapı günü”ndə universitetin elmi işlər üzrə prorektoru Pərvin Kərimzadə və humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva da iştirak edərək qonaqları imtahanlara hazırlığın vəziyyəti ilə bağlı ətraflı məlumat vermişlər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.