GDU-nun rəhbərliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı Gəncədə keçirilən silsilə tədbirlərdə iştirak edib

     Gəncə şəhərində 8 Noyabr – Zəfər Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

    Gəncə Dövlət Universitetinin rəhbərliyi Gəncə şəhər İcra Hakimiyyətinin başısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri ilə birgə tədbirlərdə iştirak edib.

    Quru Qoşunların Komandanlığının təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Zəfər yürüşü baş tutub. Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq, Heydər Əliyev və Atatürk prpospektləri ilə davam edib.

     Tədbir iştirakçıları Gəncənin Şəhidlər Xiyabanını ziyarət ediblər və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ucaldılan Əbədi Məşəl Abidəsinin önünə tər çiçəklər düzüblər.

    Tədbirlər çərçivəsində Gəncənin Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Günü ilə bağlı “Tariximizin Zəfər Salnaməsi” adlı dəyirmi masa keçirilib.

    Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub və abidənin önünə tər çiçəklər düzülüb.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

     Dəyirmi masada çıxış edənlər bildiriblər ki, Vətən müharibəsində qazanılan hərbi-siyasi qələbədən sonra dövlətimiz və xalqımız öz tarixinin tamamilə yeni və qürur doğuran mərhələsinə qədəm qoyub. İndi dünya birliyi, beynəlxalq ictimaiyyət Azərbaycanı yalnız müxtəlif sahələrdə uğurlara imza atan bir məmləkət deyil, həm də qüdrətli bir dövlət kimi tanıyır. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin qurtuluş bəxş etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənərək, yüksələrək, ən ağrılı problemini həll etməyə qadir olan mütləq gücə çevrilib.

     8 Noyabr-Zəfər Günü ilə bağlı Gəncə şəhər Heydər Əliyev Park-Xiyaban Kompleksində ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində simvolik olaraq 44 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti