Gəncə Dövlət Universitetində payız semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib
Gəncə Dövlət Universitetində 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini izləmək məqsədilə mediatur təşkil olunub. Mediaturda şəhər ziyalıları, Gəncə şəhər İcra Hakimiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də tələbə valideynləri iştirak ediblər.
Əvvəlcə universitetin prorektorları imtahan prosesinin təşkili və keçirilməsi qaydası ilə bağlı məlumat veriblər. Bildirilib ki, mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər vaxtında görülüb, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. O da diqqətə çatdırılıb ki, hazırda imtahanlar qabiliyyət formasında və kompüterdə test üsulu ilə aparılır. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir. Sessiya zamanı üzürlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə 02-14 fevral tarixlərdə təkrar imtahan vermək imkanı yaradılacaq.
Daha sonra mediatur iştirakçıları auditoriyalarda imtahan prosesini yaxından izləyiblər və imtahanların gedişini kamera vasitəsi ilə izləmək üçün yaradılan müşahidə otağı ilə tanış olublar.
Sonda mediatur iştiraklarının və tələbə valideynlərinin sualları cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti