Gəncə Dövlət Universiteti ilə Türkiyənin Qars Qafqaz Universiteti arasında akademik əməkdaşlıq müqaviləsi imzalanıb

      Türkiyənin Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibovanın müşayəti ilə Gəncə Dövlət Universitetində (GDU) olub və ali təhsil ocağının rektoru Yusif Yusibovla görüşüb.

     Görüşdə GDU-nun Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov və İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov da iştirak ediblər.

    GDU-nun rektoru Yusif Yusibov  ali təhsil ocağının tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri, eləcə də Türkiyənin bir neçə nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri haqqında danışıb. Rektor bildirib ki, İzmir Dokuz Eylül Universiteti ilə imzalanmış müqaviləyə uyğun olaraq ikili diplom proqramı uğurla davam edir.  

    Görüşdə Türkiyənin Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar və kadr hazırlığı üzrə aparılan işlərdən bəhs edib.

    Söhbət zamanı hər iki universitet arasında akademik mübadilə və əməkdaşlıq məsələləri müzakirə edilib.

    Daha sonra iki universitet arasında  akademik əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə tələbələrin, akademik və inzibati heyətin, nəşrlərin və digər müvafiq materialların qarşılıqlı mübadiləsi, birgə seminar, tədris proqramlarının təşkili, ortaq elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi öz əksini tapıb.

    Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti