GDU-da Elmi Şuranın növbəti iclası keçirilib
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan əvvəl rektor Yusif Yusibov Universitetin Tədris işləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyevə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Qeyri-üzvi kimya ixtisası üzrə professor attestatı, Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşı Vüsal Ramiz oğlu Musayevə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekologiya ixtisası üzrə fəlsəfə doktoru diplomunu təqdim edərək, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Rektor Yusif Yusibov Gəncə Dövlət Universitetinin Kimya kafedrasının müdiri Aynur Məmmədovanın uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyəti və anadan olmasının 50 illik yubileyi münasibətilə Fəxri fərman təqdim edərək təbrik edib.
Daha sonra Universitetin Baş mühasibi Teyyub Tağıyevin Mühasibatlıq şöbəsinin 2025-ci ildə universitetin maliyyə fəaliyyəti və 2026-ci ildə nəzərdə tutulan maliyyə xərcləri haqqında hesabatı, eləcə də Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin Universitetin fəaliyyəti ilə bağlı orta məktəblərdə aparılan təbliğat işləri barədə ətraflı hesabat məruzəsi dinlənilib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
İclasda Arzu Babayevanın Qrammatika və ingilis dilinin tədrisi kafedrasında vakant olan dosent vəzifəsini tutması, eləcə də Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşı Sevda Cəfərovanın Torpaqşünaslıq ixtisası üzrə dosent elmi adını almağa dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul olunub.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti







