Azərbaycan-Gürcüstan əlaqələri regionda sabitlik və strateji əməkdaşlığın əsas sütunudur
Azərbaycan–Gürcüstan münasibətləri Cənubi Qafqazda sabitliyin və regional əməkdaşlığın ən uğurlu nümunələrindən biri kimi inkişafını davam etdirir. Siyasi müstəvidə qarşılıqlı etimad, suverenlik və ərazi bütövlüyünə verilən güclü dəstək iqtisadi sahədə isə artan ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir. Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana dövlət səfərini bu strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm dönüş nöqtəsi hesab etmək olar. Bu səfər yalnız mövcud əməkdaşlıq istiqamətlərinin təsdiqi deyil, həm də yeni tərəfdaşlıq perspektivlərinin formalaşdırılması baxımından kritik əhəmiyyət kəsb edir.
Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir.
Azərbaycan və Gürcüstan arasında olan münasibətlər bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Hər iki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

