GDU-nun 6 əməkdaşı “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub
I Qarabağ müharibəsinin veteranı olan Gəncə Dövlət Universitetinin 6 əməkdaşı – Hüseynov Fikrət Bəhlul oğlu, Bəxtiyarlı Hüseyn Əlisahib oğlu, Abbasov Zəfər Duman oğlu, Kazımov Bəhman Qafar oğlu, Tağıyev Gəncəli Kazım oğlu və Quliyev Telman Qəhrəman oğlu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub.
Təltif olunan əməkdaşlara medal və vəsiqələrin təqdim edilməsi ilə bağlı Gəncə Dövlət Universitetində tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edib. Bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə yüksək diqqət və qayğı göstərir. Onların sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatlar, o cümlədən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi də dövlətimizin bu missiyasını hər zaman dəstəkləyir, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi qayğı ilə yanaşır.
Tədbirdə GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Botanika kafedrasının müdiri Vaqif Novruzov, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova, Kimya fakültəsinin kafedra müdiri Aynur Məmmədova çıxış edərək respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə “Böyük Zəfər” xatirə medalına layiq görülən əməkdaşları təbrik ediblər.
Sonra medalların təqdimatı olub. I Qarabağ müharibəsinin veteranları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti