Aprel Döyüşləri – Tarixi Zəfərə gedən şanlı yol

Rəşadətli Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən səkkiz il keçir. 2016-cı il aprelin 2-nə keçən gecə erməni silahlı birləşmələri cəbhə xətti boyu bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutdu. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilərək düşmənə qəti cavab zərbələri endirildi. Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Silahlı Qüvvələrimiz düşməni məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Uğurlu əməliyyatlar nəticəsində Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi, strateji əhəmiyyətli Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edildi.

Şiddətli döyüşlər zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələri üstünlüyü ələ aldı. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Dörd gün davam edən bu döyüşlər çoxəsrlik tariximizə şanlı Zəfər səhifəsini yazdı.

Aprel döyüşlərində Qələbə Azərbaycan üçün yeni bir şərait yaratdı. Dövlətimizin nüfuzu daha da artdı və beynəlxalq mövqeləri gücləndi. Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial və xalqın milli maraqlarına cavab verən siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə nəticələndi.

Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsində böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Səkkiz il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün böyük təcrübə oldu. Bu döyüşlər həm də düşmən mövqelərini və onların potensialını öyrənmək imkanı yaratdı. Məhz bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündə işğaldan azad etdi. Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı bir günlük uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı Azərbaycanın gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı. Səkkiz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Bayrağımız bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

Son illər şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri hazırda özünün ən qüdrətli mərhələsini yaşayır. Bu yolda mühüm yer tutan Aprel döyüşləri Vətən müharibəsindəki böyük Qələbənin müjdəçisi olan tarix kimi əbədiləşib.