İZMİR DOKUZ EYLÜL UNİVERSİTETİ İLƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ ARASINDA MÖVCUD OLAN ƏLAQƏLƏR DAHA DA GÜCLƏNDİRİLİR

Məlum olduğu kimi, Türkiyə Respublikasının İzmir Dokuz Eylül Universiteti ilə Gəncə Dövlət Universiteti arasında 2021-ci ilin dekabr ayında tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Həmin əməkdaşlığın davamı olaraq qardaş Türkiyənin İzmir Dokuz Eylül Universitetinin nümayəndə heyəti Gəncə Dövlət Universitetinə səfər etmişdir. Nümayəndə heyətinin tərkibində İzmir Dokuz Eylül Universitetinin rektoru Prof. Dr. Nükhet Hotar, prorektoru Prof. Dr. Fatma Duygu Özel Demiralp, Sosial Elmlər İnstitutunun direktoru Prof. Dr. Asuman Altay və Beynəlxalq əlaqələr üzrə koordinatoru Prof. Dr. Olgun Çiçək təmsil olunurdu. Görüşdə eyni zamanda Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Dr. Zeki Öztürk də iştirak etmişdir.

30.05.2022-ci il tarixində hər iki universitetin rektorlarının iştirakı ilə öncədən imzalanmış müqavilənin bəndləri əsas götürülərək tərəflər arasında ikili diplom proqramlarının icrası üçün ilkin anlaşma müqaviləsi, eyni zamanda Avropa İttifaqının Erasmus+ KA107 proqramı və Türkiyə Respublikasının Mevlana proqramı çərçivəsində tərəflər arasında müqavilə imzalanmışdır.

Universitetin rektoru, professor Yusif Yusibov qonaqları səmimi və mehribanlıqla qarşıladıqdan sonra qonaqlar 44 günlük Vətən Müharibəsində şəhid olmuş universitet tələbələrinin xatirəsinə həsr edilmiş guşəyə gül dəstələri qoymuşlar. Sonra Nizami Gəncəvi iclas zalında universitetin Elmi Şura üzvləri ilə qonaqların görüşü keçirilmişdir. Görüşü giriş sözü ilə GDU-nun rektoru, professor Yusif Yusibov açaraq qonaqlara Azərbaycanın bu qədim ali təhsil ocağı haqqında ətraflı məlumat vermişdir. Azərbaycan Türkiyə dostluq və qardaşlıq əlaqələrinin getdikcə genişləndiyini diqqətə çatdıran rektor bunu hər iki ölkə rəhbərlərinin yaxınlıq münasibətlərindən irəli gəldiyini qeyd etmişdir. Türkiyə ilə Azərbaycanın mehriban və qardaşlıq əlaqələrinin getdikcə möhkəmlənməsini, xalqlarımızın bir-birinə bağlılığının çox qədim tarixə söykəndiyini diqqətə çatdıran rektor onu da qeyd etmişdir ki, Türkiyədə Çanaqqala döyüşlərində azərbaycanlılar, Bakının erməni daşnaklarından təmizlənməsində isə Qafqaz İslam Ordusunun tərkibində türklər yaxından iştirak etmişdir. Rektor 44 günlük Qarabağ müharibəsində də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasını, eləcə də iki qardaş ölkə arasında Şuşa Bəyannaməsinin imzalanmasını, bu günlərdə isə Türkiyə Prezidentinin Bakı “Teknofest” Aerokosmik və texnologiya festivalında iştirak etməsini önə çəkərək yüksək dəyərləndirmişdir.

Sonra Türkiyənin İzmir Dokuz Eylül Universitetinin rektoru Prof. Nükhet Hotar çıxış edərək mehribanlıqla və qonaqpərvərliklə qarşılandıqları üçün Gəncə Dövlət Universitetinin rəhbərliyinə və kollektivinə nümayəndə heyəti adından minnətdarlığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, rəhbərlik etdiyi ali təhsil ocağı ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrin nəticəsidir ki, İzmir Dokuz Eylül Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına, Gəncə Dövlət Universitetində isə Türk dünyasının görkəmli şəxsiyyəti Yunus Əmrənin adına mühazirə otaqları açılmışdır.

Çıxışı zamanı rektor professor Nükhet Hotar rəhbərlik etdiyi universtetin fəaliyyəti ilə bağlı geniş məlumat verərək qeyd etmişdir ki, hazırda universitetdə 70 min nəfərə yaxın tələbə təhsil alır. Universitetin nəzdində 1200 çarpayılıq böyük xəstəxana da fəaliyyət göstərir.

Daha sonra görüşdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Yüksəl Əlizadənin anası, Leksika və ölkəşünaslıq kafedrasının müdiri dos. Sevda Kazımova çıxış edərək demişdir ki, onun oğlu müharibənin bitməsinə bir neçə saat qalmış, 18 güllə yarası alaraq şəhid olduğu üçün ona “Qələbə qoxulu Şəhid” də deyirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycan gəncləri doğma Vətənlərini qorumaq üçün canlarından keçməyə belə hazırdırlar.

Görüşün sonunda hər iki universitet rektoru çıxış edərək bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək imzalanmış yeni müqavilələrin hər iki təhsil ocağı üçün səmərəli olacağına əminliklərini ifadə etmişlər. Son olaraq hər iki universitet tərəfindən qarşılıqlı xatirə hədiyyələri təqdim edilmişdir.

Görüşdən sonra qonaqlar Gəncə Dövlət Universitetinin tədris korpuslarında tələbələr üçün yaradılan şəraitlə, eləcə də universitetdə mövcud olan tədrisin keyfiyyəti ilə yaxından tanış olmuşlar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.