UNİVERSİTETİ BİTİRƏN MƏZUNLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində bu il ali təhsili başa vuran bakalavr və magistrlərlə görüş keçirilmişdir

          Görüşü universitetin rektoru, professor Yusif Yusibov açaraq məzunları təbrik etmiş, onlara gələcək həyatlarında nailiyyətlər arzulamışdır. Rektor qeyd etmişdir ki, təhsil illərinin bir hissəsi pandemiya dövrünə düşsə də universitetdə tədrisin səviyyəsi qətiyyən aşağı düşməmişdir. Dərslərin bir hissəsi onlayn keçirilməsinə baxmayaraq yaz və payız semestr imtahanları mütəşəkkil keçmiş, tələbələr bu sınaqlarda uğurla çıxmışlar.

          Görüşdə 44 günlük Vətən müharibəsində qazanılan uğurlara da toxunulmuşdur. Qeyd edilmişdir ki, 30 il işğal altında olan Qarabağın azad edilməsində Gəncə Dövlət Universitetinn tələbə və əməkdaşları da əsl igidlik nümayiş etdirmişlər. Onlardan 16 nəfəri torpaqlarımızın azad edilməsində şəhidlik zirvəsinə ucalmışdır. Bu şəhidlərin xatirəsi universitetdə daim ehtiramla yad edilir və bu məqsədlə universitetin tədris korpuslarında və əsas binada onların mənalı ömürlərini əks etdirən guşələr yaradılmışdır.

          Sonra təhsil illərində nümunəvi davranışına və təhsildə fərqləndiyinə görə bir qrup məzuna universitetin fəxri fərmanları təqdim edilmişdir.

          Görüşdə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, rektorun baş müşaviri, dosent Asif Cavadov və universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova iştirak etmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.