Filologiya fakültəsinin 1972-ci il məzunlarının 50 illik yubileyi münasibətilə görüş keçirilmişdir

2022-ci il mayın 27-də Gəncə Dövlət Universitetinin V korpusunda Filologiya fakültəsinin 1972-ci il məzunlarının  50 illik yubileyi  münasibəti ilə görüş keçirilmişdir. Görüş iştirakçıları əvvəl 44 günlük Vətən müharibəsində şəhid olmuş Yüksəl Əlizadənin foto-lövhəsinin  önünə gül dəstələri qoydular. Daha sonra tədbir Yunis Əmrə adına auditoriyada davam etdirildi. Tədbirdə həmin illərdə məzunlara dərs demiş dos. Sürəyya Cəfərova, dos. Gülçöhrə Mehrəliyeva, dos. Allahverdi Həmidov, dos. Rasim Adilov və tələbələr iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan və həmin ilin məzunu olan Filologiya fakültəsinin dekanı  dos. Zakir Ələsgərov  tələbəlik illərinin gözəl xatirələrindən, müəllim və tələbə yoldaşlarından danışdı. Onlara dərs deyən və dünyasını dəyişən müəllim və tələbə yoldaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmələrini xahiş etdi. Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva Gəncə Dövlət Universitetinin son 50 ildə keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan, reytinqindən, tələbə və müəllimlər üçün yaradılan şəraitdən söz açdı. Məzunlardan Lazım Quliyev, Valeh Hüseynov, Asif Əsgərov, Dilşad Quliyeva, Məhluqə Babayeva  başqaları çıxış edərək həmin illəri bir daha göz önündə canlandırdılar, kövrək hisslərlə şeirlər söylədilər. Əlçatmaz tələbəlik illərinin xoş xatirələrini yada salan məzunlar tələbələrə bu illərin qədrini bilməyi, öz üzərlərində ciddi çalışmağı, xalq üçün, Vətən üçün dəyərli övlad olmağı, tələbəlik illərində qazandıqları uğurları ilə həyatda özlərinə layiqli yer tutmağı tövsiyə etdilər.

Sonda xatirə şəkilləri çəkildi, məzunlar  yenidən görüşmək arzusu ilə universitetdən xoş təəssuratla ayrıldılar.